Milli Məclis İran parlamentinə qarşı cavab bəyanatı verib - YENİLƏNİB-2

Milli Məclis İran parlamentinə qarşı cavab bəyanatı verib - YENİLƏNİB-2 Milli Məclis İranın İslam Şurası Məclisinin (İran parlamenti) İsraildə Azərbaycan səfirliyinin açılmasını pisləyən bəyanatı ilə bağlı bəyanat hazırlayacaq.
Milli Məclis
7 Aprel , 2023 11:59
Milli Məclis İran parlamentinə qarşı cavab bəyanatı verib - YENİLƏNİB-2

Milli Məclis İran parlamentinə cavab bəyanatı hazırlayıb.

“Report” xəbər verir ki, bəyanat mətninin layihəsini deputat Kamran Bayramov parlament üzvlərinin diqqətinə çatdırıb.

Bəyanat səsverməyə çıxarılaraq qəbul edilib.

Bəyanatda deyilir ki, Milli Məclis İran parlamentinin aprelin 5-də Azərbaycanın İsraildə səfirlik açmasını pisləyən bəyanat qəbul etməsini ölkəmizin daxili işlərinə müdaxilə cəhdi kimi qiymətləndirir:

“Azərbaycana qarşı açıq hörmətsizliyin bariz nümunəsi olan bu bəyanat İranın növbəti siyasi təxribatıdır”.

11:22

Milli Məclisin (MM) plenar iclasında spiker Sahibə Qafarova İran parlamenti ilə bağlı bəyanatın hazırlanması üçün komissiya yaradılmasını təklif edib.

"Report"un xəbərinə görə, təklif qəbul edilib. Komissiyanın sədri parlament sədrinin müavini Fəzail İbrahimli müəyyən olunub. Deputatlar Zahid Oruc, Cavanşir Paşazadə, Rafael Hüseynov, Afət Həsənova, Kamran Bayramov isə komissiyanın üzvləri olub.

Sahibə Qafarova bəyanat mətninin hazırlanması üçün tapşırıq verib.

İclasın davamında bəyanat mətni səsləndiriləcək və qəbul ediləcək.

11:05

Milli Məclis İranın İslam Şurası Məclisinin (İran parlamenti) İsraildə Azərbaycan səfirliyinin açılmasını pisləyən bəyanatı ilə bağlı bəyanat hazırlayacaq.

“Report” xəbər verir ki, bu barədə MM-in plenar iclasında spiker Sahibə Qafarova məlumat verib.

O bildirib ki, aprelin 5-də İran parlamentində Azərbaycana qarşı qərəzli siyasi aksiya təşkil olunub, saxta və uydurma ittihamlar üzərində qurulan bəyanat qəbul edilib:

"Təəssüf ki, Azərbaycan torpaqlarını 30 il işğal altında saxlamış, xalqımızın əsrlər boyu yaratdığı sərvətləri vəhşicəsinə talan edən Ermənistana bir dəfə də etiraz etməyən, hətta ona müxtəlif vasitələrlə dəstək verən İran bu gün Azərbaycanın İsraildə səfirliyinin açılmasından narahat olur".

Son xəbərlər

Orphus sistemi