Məişət zorakılığından əziyyət çəkənlər uzunmüddətli mühafizə orderi üçün rüsum ödəməyəcəklər
- 16 dekabr, 2025
- 17:36
Məişət zorakılığından zərər çəkmiş şəxslər uzunmüddətli mühafizə orderinin verilməsi üçün müraciət etdikdə dövlət rüsumu ödəməyəcəklər.
"Report" xəbər verir ki, bununla bağlı "Dövlət rüsumu haqqında" qanuna dəyişiklik təklif edilir.
Layihə Milli Məclisin dekabrın 19-u keçiriləcək plenar iclasının gündəliyinə daxil edilib.
Sənəddə qeyd edilib ki, məişət zorakılığından zərər çəkmiş şəxsə uzunmüddətli mühafizə orderinin (60 gündən 180 gün müddətinədək) verilməsi məişət zorakılığı barədə şikayətdə cinayət tərkibinin əlamətləri olmadıqda məhkəmə tərəfindən tətbiq olunur.
Belə ki, məişət zorakılığı törətmiş şəxs verilmiş xəbərdarlığa və qısamüddətli mühafizə orderinin tələblərinə əməl etmədikdə, zərər çəkmiş şəxs, müvafiq icra hakimiyyəti orqanı və ya prokuror uzunmüddətli mühafizə orderinin verilməsi üçün xüsusi icraat qaydasında məhkəməyə müraciət etmək hüququna malikdir.
Hazırda "Dövlət rüsumu haqqında" qanuna əsasən xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat dövlət rüsumu müəyyən edilib, eyni zamanda məhkəmələrə verilən iddia ərizələri, digər ərizələr və ya şikayətlər üzrə büdcə təşkilatları bu ödənişlərdən azad edilib.
Təklif edilən dəyişiklik məişət zorakılığından zərər çəkmiş şəxs olan ərizəçinin uzunmüddətli mühafizə orderinin verilməsi ilə əlaqədar məhkəməyə ərizə verilməsi üzrə dövlət rüsumundan azad edilməsi onların məhkəməyə müraciət imkanlarının artırılmasına yönəlib.
Xatırladaq ki, məişət zorakılığından zərər çəkmiş şəxs dedikdə "Məişət zorakılığının qarşısının alınması haqqında" qanunun 4-cü maddəsində göstərilən şəxslərin birinin digərinə qarşı qəsdən məişət zəminində fiziki, psixi, cinsi zorakılığı, iqtisadi xarakterli qanunsuz hərəkətləri nəticəsində fiziki və ya mənəvi zərər çəkmiş şəxs nəzərdə tutulur.