Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi ilə İctimai birliklər və dini qurumlar komitəsinin videokonfrans formatında birgə iclası keçirilib.
"Report"un xəbərinə görə, Milli Məclis sədrinin müavini, İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fəzail İbrahimli iclasın gündəliyindəki “Dini etiqad azadlığı haqqında” qanuna təklif edilən dəyişikliklər barədə (birinci oxunuş) ətraflı məlumat verib.
Qeyd edib ki, “Dini etiqad azadlığı haqqında” qanun 1992-ci ildə qəbul edilib. Ötən müddətdə qanunvericiliyə olunan dəyişikliklər, müasir dövrün çağırışları dini sahədə yeni normativlərin təsbitini də zəruri edib. Müzakirəyə təqdim edilmiş dəyişikliklərdən məqsəd dini etiqad azadlığı sahəsində faktiki mövcud olan və yeni yaranan münasibətləri milli qanunvericilik sisteminə uyğun daha səmərəli şəkildə tənzimləmək, eləcə də dövlətin, vətəndaşların, dini qurumların bu sahədə hüquq, vəzifə və məsuliyyətini müəyyənləşdirmək, həmçinin dini etiqad azadlığının həyata keçirilməsi üçün daha münbit şərait yaratmaqdır.
Vitse-spiker vurğulayıb ki, bu qanun layihəsi Azərbaycanda əsrlərdən bəri formalaşmış dini tolerantlıq mühitinin qorunmasına, dini-əxlaqi dəyərlərin kənar müdaxilələrdən və təsirlərdən mühafizəsinə xidmət edəcək.
Gündəlikdəki ikinci məsələni Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli şərh edib. Bildirib ki, İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş) “Dini etiqad azadlığı haqqında” qanunda dəyişiklik edilməsi ilə bağlıdır, sənəd uyğunlaşdırma xarakteri daşıyır.
Videokonfransda I vitse-spiker qanun layihəsində təsbit olunan norma və qaydaların, xüsusən dini ekstremizmin təbliğinə və siyasi məqsədlər üçün dinlərarası fərqlərin istifadəsinə yönəldilmiş fəaliyyətin qadağan edilməsinin vacibliyindən danışıb. Qeyd edib ki, bununla bağlı qanunvericilikdə mülki və cinayət məsuliyyəti mövcuddur, bu baxımdan müzakirəyə çıxarılan layihədə dəqiq mexanizmlərin nəzərdə tutulması müsbət haldır.
Komitələrin birgə iclasında aparılan müzakirələrdə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev, deputatlar Ceyhun Məmmədov, Anar İsgəndərov, Erkin Qədirli, Azay Quliyev, Cavanşir Paşazadə, Azər Badamov, Tahir Kərimli, həmçinin Qafqaz Müsəlmanları İdarəsinin Aparat rəhbəri Simran Həsənov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov qanunlara təklif olunan dəyişikliklərə müsbət münasibət bildiriblər.
Fikir mübadiləsindən sonra gündəlikdəki qanun layihələri birinci oxunuşda Milli Məclisin plenar iclasının müzakirəsinə tövsiyə olunub.
Videokonfransda İctimai birliklər və dini qurumlar komitəsinin sədr müavini Sahib Alıyev, komitələrin üzvləri Sevinc Fətəliyeva, Sabir Hacıyev, Nurlan Həsənov, Cəbi Quliyev, Bəhruz Məhərrəmov iştirak ediblər.