Yuxarı
    Bağlamaq

    Deputat sosial şəbəkələrdə müzakirələrə səbəb olan fikirlərinə aydınlıq gətirib

    Musa Quliyev: “Təmizlik, yaşıllaşdırma və s. xidmətlərdə çalışanlara yaş məhdudiyyəti qoymaq olmaz”

    Bakı. 29 mart. REPORT.AZ / Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Musa Quliyev sosial şəbəkələrdə müzakirələrə səbəb olan fikirlərinə aydınlıq gətirib.

    M.Quliyev “Report”a açıqlamasında deyib ki, onun fikirləri doğru təqdim olunmayıb.

    Deputat qeyd edib ki, bəzən xəbər saytları reytinqə görə bu cür işlərə əl atırlar: “O süpürgəçini maşın vurub, qəza baş verib. Belə şeylərdən şou düzəltmək olmaz. Mən o qadının işləməsi barədə danışmamışam. Mən “Süpürgəçilər, küçətəmizləyənlər 65 yaşdan sonra niyə işləyirlər?” “Niyə onlara qadağa qoyulmur?” suallarına cavab vermişəm. Əmək Məcəlləsini əsas gətirərək izah etmişəm ki, dövlət büdcəsindən maliyyələşdirilən təşkilatlarda bir neçə sahədə işlə bağlı məhdudiyyət qoyulur. Belə ki, həmin sahələrdə daha çox gənc kadrların təmsil olunmasına ehtiyac var, həmin sahələrlə bağlı əmək bazarında rəqabət böyükdür. Yeni texnologiyanı gənclər daha yaxşı öyrənə bilir, nəinki yaşlı nəsil. Məsələn, həkim 65 yaşdan sonra yeni texnologiya ilə işləyə bilmir, bu sahəyə gənc kadrlar lazımdır. Yəni yaşlı insan yeni diaqnostika, müalicə üsullarından istifadə etməkdə çətinlik çəkir. Bunu gənc kadr daha yaxşı bacarar. Bütün peşələrə yaş məhdudiyyətinin qoyulması doğru deyil. Təmizlik, yaşıllaşdırma və s. xidmətlərdə çalışanlara yaş məhdudiyyəti qoymaq olmaz. Əgər insanın əmək qabiliyyəti varsa, sağlamlığı imkan verirsə, işləməyi niyə qadağan edək ki? Mənim bu mövqeyimdən şou düzəldiblər. Vurulan adam haqqında bir kəlmə deməmişəm. Diqqəti qəzanın başvermə səbəbinə yönəltmək lazımdır. Sosial şəbəkələrdə də mədəni, təhsil səviyyəsi arzu etdiyimiz səviyyədə olmayanlar fikir bildirirlər. Onlara cavab vermək də istəmirəm. Düşünürsən, cavab verəcəksən, yenə də doğru anlaşılmayacaq. Sosial şəbəkə izləyicilərinin səviyyəsi, tərbiyəsi eyni deyil ki... Belə müzakirələr demoqogiyadan başqa bir şey deyil. Həmin qadın, yəqin ki, pensiyasını da alıb, əlavə iş kimi də burada çalışıb. Əmək qanunvericiliyinin, təhlükəsizlik qaydalarının pozulmasından söhbət gedirsə, müzakirə etmək lazımdır. Əgər bir insan əmək müqaviləsi ilə işini icra edirsə, burada nə var ki? Qəza hər zaman baş verə bilər. Həmin yolda cavan işçi də ola bilərdi. Bu, hadisədir. Əgər qanunvericiliyin pozulmasına yol verilibsə, cəza tədbiri görüləcək”.

    Qeyd edək ki, Bakıda süpürgəçi qadını avtomobil vuraraq öldürüb. M.Quliyevin hadisə barədə açıqlaması sosial şəbəkə istifadəçiləri tərəfindən tənqid olunub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi