Azərbaycanda qida və yem məhsullarının təhlükəsizliyinə dair yeni tələblər müəyyənləşib

Azərbaycanda qida və yem məhsullarının təhlükəsizliyinə dair yeni tələblər müəyyənləşib Azərbaycanda qida və yem məhsullarının təhlükəsizliyinə dair yeni tələblər müəyyən edilib.
Milli Məclis
4 Oktyabr , 2021 13:51
Azərbaycanda qida və yem məhsullarının təhlükəsizliyinə dair yeni tələblər müəyyənləşib

Azərbaycanda qida və yem məhsullarının təhlükəsizliyinə dair yeni tələblər müəyyənləşib.

"Report"un əldə etdiyi məlumata görə, bu, yeni hazırlanan "Qida təhlükəsizliyi haqqında" qanun layihəsinin ilkin variantında əksini tapıb.

Yeni sənədin 11-ci maddəsində qeyd olunur ki, təhlükəli qida və yem məhsullarının ilkin istehsalı, emalı və dövriyyəsi qadağandır.

Aşağıdakı hallarda qida məhsulları təhlükəli hesab edilir:

1. qida məhsulları indiki, habelə gələcək nəsillərin həyat və sağlamlığı üçün qısamüddətli və ya uzunmüddətli dövrdə birbaşa və ya dolayı yolla zərərli olduqda;

2. qida məhsulları aşkar korlanma, dağılma, çürümə əlamətlərinin olması, habelə tərkibindəki radioloji, toksikoloji, fiziki, kimyəvi və mikrobioloji maddələrin və onların birləşmələrinin qalıq səviyyəsi qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlarda müəyyən edilən səviyyədən artıq olması səbəbindən insan istehlakı üçün yararsız olduqda;

3. qida məhsullarının tərkibində qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlarla qadağan olunmuş inqrediyentlər aşkarlandıqda.

Aşağıdakı hallarda yem məhsulları təhlükəli hesab edilir:

1. heyvan sağlamlığına mənfi təsir göstərdikdə;

2. qida istehsal edən heyvanın məhsulunu insan istehlakı üçün yararsız etdikdə.

3. Qida və yem məhsullarının təhlükəliliyi müəyyən edilərkən, həmin məhsulların təyinatı üzrə qidalanma üçün istifadəyə yararsız olması, kif bağlaması, xarab olması, yad cisimlə çirklənməsi, çürüyərək çirklənməsi, habelə digər çirklənmə səbəbləri əsas götürülməlidir.

4. Təhlükəli hesab edilən qida və yem məhsulu bir bağlamanın, partiyanın yaxud eyni sinfə və ya təsvirə malik yükün hissəsi olduqda və qiymətləndirmə aparmaqla həmin bağlamada, partiyada və yükdə olan digər qida və yem məhsullarının təhlükəsizliyi barədə sübut tapmaq mümkün olmadıqda, həmin bağlamada, partiyada, yaxud yükdə olan bütün qida və yem məhsulları təhlükəli hesab edilir.

5. Qida və yem məhsullarına, o cümlədən heyvan və bitki mənşəli, habelə qarışıq tərkibli qida və yem məhsullarına, onların ilkin istehsalına, emalına və dövriyyəsinə dair gigiyenik tələblər qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlarla müəyyən edilir.

Son xəbərlər

Orphus sistemi