Fərdi jurnalist yazıları müsabiqəsinin qalibləri mükafatlandırılıb

Fərdi jurnalist yazıları müsabiqəsinin qalibləri mükafatlandırılıb Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun 22 iyul - Milli Mətbuatın yaranmasının 144 illiyi ilə əlaqədar keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Media
22 İyul , 2019 20:56
Fərdi jurnalist yazıları müsabiqəsinin qalibləri mükafatlandırılıb

Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun 22 iyul - Milli Mətbuatın yaranmasının 144 illiyi ilə əlaqədar keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

"Report"un xəbərinə görə, mərasimdə dövlət rəsmiləri, deputatlar, media nümayəndələri iştirak ediblər.

Bildirilib ki, 19 istiqamət üzrə keçirilən müsabiqəyə 56 KİV-dən 142 yazı təqdim edilib.

Qeyd olunub ki, müsabiqənin şərtlərinə uyğun olaraq 19 istiqamət üzrə qaliblər elan edilib, ümumilikdə, 111 nəfər jurnalistin mükafatlandırılması haqqında qərar qəbul olunub.

Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi - şöbə müdiri Əli Həsənov çıxış edərək deyib ki, Azərbaycan mediasının inkişafı ölkənin iqtisadi, sosial, siyasi, mədəni inkişafına tam adekvatdır: "Təəssüflər olsun ki, Azərbaycan jurnalistikasının bəzi opponentləri tapılır inkişafımızı inkar etməyə çalışırlar. Amma bu bir reallıqdır ki, müstəqil Azərbaycan mediası 27 illik tarixində təkcə ölkəmizdə deyil, dünyada Azərbaycanı layiqincə təmsil etmək gücünə malikdir, təmsil edir və təmsil etməkdə davam edəcək”.

Ə.Həsənov qeyd edib ki, müstəqil media tarixində mühüm xidmətləri olan ümummilli lider Heydər Əliyevi bugünkü mətbuat günündə xatırlamaq hamının haqqıdır: “1998-ci ildə Heydər Əliyevin fərmanı ilə Azərbaycan mediası üzərində bütün senzura strukturları, Mətbuat və İnformasiya Nazirliyi ləğv edildi və Azərbaycan mediasına özünün ictimai tənzimləniməsini yaratması üçün şərait yaradıldı. Jurnalistlərin özlərinin yaratdığı Mətbuat Şurası mətbuatın yaradıcılıq problemlərini, o cümlədən jurnalistlərin sosial-iqtisadi problemlərini araşdırır, dövlət qarşısında bu və ya digər təşəbbüslərlə çıxış edir. Dövlət tərəfindən həmin təşəbbüslərin ən mütərəqqilərinə dəstək verilir. Əgər Həsən bəy Zərdabi Azərbaycan Milli Mətbuatının təməlini qoymuşdusa, Prezident Heydər Əliyev Azərbaycanda azad medianın banisi kimi tarixə düşdü, media üzərindəki tənzimləmə və senzura mexanizmlərini ləğv etdi. Beləliklə də azad medianın formalaşması üçün bütün lazımi şəraiti yaradıldı. Ümummilli liderin media siyasəti 2003-cü ildən sonra Prezident İlham Əliyev tərəfindən dönmədən ardıcıl və prinsipial şəkildə davam etdirilir. Medianın bugünkü inkişafında Prezident İlham Əliyevin xüsusi payı, xidmətləri var. 2008-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan mediasına Dövlət Dəstəyi Konsepsiyası qəbul edildi. Bu Konsepsiyanı həyata keçirən Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yaradıldı. Bu müddət ərzində Azərbaycan mediasına 50 milyon manata yaxın bu və ya digər formada yardım göstərilib. Qəzetlərin uzun müddət yığılmış borcları da dövlət tərəfindən bağlanıb”.

Prezidentin köməkçisinin sözlərinə görə, Azərbaycan dövləti hesab edir ki, bu gün mətbuat dövlətin himayəsində və qayğısında olmalıdır: “Mətbuat mədəniyyətin bir hissəsidir. Azərbaycan mediasının inkişafı Azərbaycan dövlətinin inkişafına tam adekvatdır. Bu gün heç kim deyə bilməz ki, Azərbaycanda teatr, incəsənət, elm, təhsil və digər sahələr mətbuatdan daha çox inkişaf edib. Mədəniyyət sahəsinin bütün sahələri kimi mediamız da inkişaf edir. Azərbaycan dövləti mədəniyyət xadimlərinə də, idmançısına da, teatr xadimlərinə də, jurnalistlərə də ev verir. Ona görə də buna qarşı qısqanclıq, hansısa fərqli fikir formalaşdırmaq sağlam məntiqin, sağlam düşüncənin nümunəsi deyil”.

Sonda qaliblərə mükafatlar təqdim edilib.

Son xəbərlər

Orphus sistemi