“Media haqqında” yeni qanun layihəsində siyasi partiyalar və dövlət orqanlarının çap mediası yaratmasına qoyulan qadağaya aydınlıq gətirilib.
“Report”un xəbərinə görə, Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc bildirib ki, siyasi partiyanın məramı hakimiyyətə gəlmək, dövlət orqanlarının məqsədi isə qanunvericilikdə nəzərdə tutulmuş funksiyaları həyata keçirməkdir.
Bu gün parlamentin Hüquq siyasəti və dövlət quruculuğu və İnsan hüquqları komitələrinin birgə iclasında “Media haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəsində çıxış edən komitə sədri deyib: “Biz dövlət mediası anlayışının yalnız 2-3 subyektə tanınmasını bəyan edirik. Eynən siyasi partiyanın internet, yutub üzərindən hansısa formada yayım aparması olduğu kimi davam edəcək. Siyasi partiya ümumölkə miqyasında peyk rabitəsi üzərindən televiziya sahibinə çevrilmək istəyirsə, artıq informasiya fəaliyyətinin həyata keçirilməsi statusunda özünü tanıtmış olur. Bu, digərlərinə qarşı ayrı-seçkilik sayıla bilər”.