"Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi ilə media qurumları arasında fəal əməkdaşlıq mövcuddur. Bu əməkdaşlıq sayəsində Şuşanın məruz qaldığı vandalizm aktları, Şuşada gerçəkləşdirilən bərpa və yenidənqurma işləri, həmçinin şəhərdə keçirilən yerli və beynəlxalq tədbirlər media qurumları tərəfindən işıqlandırılır və təbliğ edilir".
"Report"un Şuşaya ezam olunmuş müxbiri xəbər verir ki, bunu Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Məftun Abbasov şəhərdə keçirilən Beynəlxalq Media Forumunda deyib.
"Ölkəmizin, xüsusilə Şuşanın beynəlxalq aləmdə nüfuzunun artırılmasında, mədəni zənginliyinin tanınıb təbliğ edilməsində KİV-in rolunu yüksək qiymətləndirirəm. Kommunikasiya texnologiyalarının sürətlə inkişaf etdiyi çağdaş dönəmdə Azərbaycan reallıqlarının, habelə mədəni dəyərlərimizin işğaldan azad olunan ərazilərdə aparılan irimiqyaslı bərpa və yenidənqurma işlərinin operativ, obyektiv və peşəkar şəkildə yerli və beynəlxalq ictimaiyyətə çatdırılması böyük əhəmiyyət kəsb edir", - o qeyd edib.