Report Media Məktəbində 11-ci qrupun təlim proqramı yekunlaşıb

Report Media Məktəbində 11-ci qrupun təlim proqramı yekunlaşıb "Report" İnformasiya Agentliyində fəaliyyət göstərən Report Media Məktəbinin sayca 11-ci qrupunun təlim proqramı yekunlaşıb, məzunlara sertifikat təqdim edilib.
Media
19 Avqust , 2022 17:32
Report Media Məktəbində 11-ci qrupun təlim proqramı yekunlaşıb

"Report" İnformasiya Agentliyində fəaliyyət göstərən Report Media Məktəbinin sayca 11-ci qrupunun təlim proqramı yekunlaşıb, məzunlara sertifikat təqdim edilib.

Agentlikdə jurnalistika peşəsinin sirlərini öyrənən, xəbər, müsahibə, reportaj, araşdırma yazıları, videosüjet, fotoreportaj hazırlayan, monitorinq və sorğulara qoşulan 9 jurnalistə sertifikat təqdim edilib.

“Report” İnformasiya Agentliyinin direktoru Fuad Hüseynəliyev təlim proqramını uğurla bitirən məzunların jurnalist peşəsində uğur qazanacağına əmin olduğunu bildirib:

“Report Media Məktəbinin təlim proqramını bitirən məzunlar üçün bu prosesin bir tramplin olacağını düşünürəm. Bu yolla hərəkət etsəniz, sizi maraqlı insanlarla görüşlər gözləyir. Xəbəri də hamıdan birinci əldə etmək imkanını qazanacaqsınız. Hər şey sizdən asılıdır. Yaxşı jurnalistə hər yerdə iş var”.

 Fuad Hüseynəliyev
Fuad Hüseynəliyev

Report Media Məktəbinin rəhbəri, təlimçi İsmayıl Rafiqoğlu əsas tədrisdən əlavə tanınmış media simaları ilə onlarla görüşün reallaşdığını deyib:

“Report Media Məktəbinin sayca 11-ci qrupu tədris prosesi boyu iqtisadçı Aslan Əzimzadə, “Report”un rus redaksiyasının rəhbəri Kəmalə Mustafayeva, Report Media Məktəbinin məzunu, “Report”un əməkdaşı Gülnarə Cəmilova, art jurnalist Firəngiz Ağalarova, “Kaspiy” qəzetinin baş redaktoru Vyaçeslav Sapunov, “Global Media Group”un media direktoru Həmid Həmidov və bir sıra tanınmış simalarla maraqlı görüşlər təşkil edilib”.

İ.Rafiqoğlu qrup üzvləri üçün reallaşan hər tədbirin xəbərə çevrilməsi tələbinin olduğunu qeyd edib:

“Hər görüşdən təlim tapşırığı olaraq bir material hazırlamaq lazım gəlirdi. Bəzən üzdən asan görünən xəbər heç də rahatlıqla başa gəlmirdi. Məsələn, “Report” İnformasiya Agentliyinin, Baku TV-nin Şərqi Avropa üzrə xüsusi müxbiri, Ukraynada müharibəni işıqlandıran azərbaycanlı jurnalist Mübariz Aslanovla olan görüşdən xəbər hazırlamaq emosional baxımdan elə də asan olmadı. İranlı jurnalist Fəridə Abulfatxi ilə görüş isə olduqca pozitiv təsir bağışladı. Baku TV-də mediatur çərçivəsində Baku TV-nin direktoru Ramin Cəfərov, redaktoru Natella Osmanlı və burada yenicə yaradılmış “Rəqəmsal Media Məktəbi” kurslarının təlimçisi Azər Cabbarovla olan görüşlərimiz xüsusilə yadda qaldı”.

 İsmayıl Rafiqoğlu
İsmayıl Rafiqoğlu

Report Media Məktəbinin rəhbəri tədris prosesi boyu rastlaşdığı çətinliklərdən də söz açıb:

“Təlimin ağırlığına heç də hamı davam gətirməyib. Bir neçə iştirakçı kursu yarımçıq tərk edib. Gələcək qruplarda məsuliyyətsizlik, təlimdən yayınma, gecikmə hallarına qarşı daha sərt yanaşma tətbiq etməyi düşünürük. Peşənin ağırlığını hamı dərk etməlidir”.

Report Media Məktəbi 2018-ci ilin iyun ayında fəaliyyətə başlayıb. Media Məktəbin məqsədi Azərbaycanda media sahəsində peşəkar kadrlar yetişdirmək, dünya mətbuatının yararlandığı müasir trendləri gənc jurnalistlərə çatdırmaq, jurnalistika peşəsinə həvəs duyan və bu sahə üzrə işləmək istəyən şəxslərin potensialını üzə çıxarmaq, peşə üzrə praktik bilik və bacarığın artırılmasını təmin etməkdir. İndiyədək Report Media Məktəbini onlarla gənc bitirib. Həmin gənclər ölkənin müxtəlif media qurumlarında çalışırlar.

Son xəbərlər

Orphus sistemi