Ukraynada müharibəni işıqlandıran azərbaycanlı jurnalist Report Media Məktəbinin qonağı olub

Ukraynada müharibəni işıqlandıran azərbaycanlı jurnalist Report Media Məktəbinin qonağı olub “Report” İnformasiya Agentliyinin, Baku TV-nin Şərqi Avropa üzrə xüsusi müxbiri Mübariz Aslanov Report Media Məktəbinin tələbələri ilə görüşüb.
Media
12 Avqust , 2022 17:26
Ukraynada müharibəni işıqlandıran azərbaycanlı jurnalist Report Media Məktəbinin qonağı olub
Mübariz Aslanov

“Report” İnformasiya Agentliyinin, Baku TV-nin Şərqi Avropa üzrə xüsusi müxbiri Mübariz Aslanov Report Media Məktəbinin tələbələri ilə görüşüb.

Ukraynadakı münaqişə zonasından bir qədər öncə qayıdan jurnalist qarşılaşdığı real hadisələrdən danışıb:

“Çox təəssüf ki, Ukraynadakı fəaliyyətimin profili bir qədər dəyişdi. Bütün dünyanın, hər kəsin gözləmədiyi müharibə oldu. Fevralın 24-nə qədər xeyli xəbərdarlıq olsa da, Ukrayna Rusiyanın müdaxiləsinə hazır deyildi. Luqansk vilayətinin Severodonetsk şəhərində hələ fevralın 23-də çəkiliş etmişdim. Oradan Mariupola getmək istəsəm də, fikrimdən daşındım. Onlar da Mariupolla Xersona çox sürətlə daxil oldular. Ukraynanın müdafiə sistemi buna hazır deyildi”.

M.Aslanov jurnalistin konflikt zonada rastlaşdığı çətinlikləri qeyd edib:

“Müharibənin şərtləri çox məhduddur. Hər yeri çəkə bilməzsən. Təzə vurulan yeri çəkib internetə yükləsən, qarşı tərəf o kadrlara baxıb daha dəqiq nişan almaq imkanı əldə edir. Şəraitə uyğun olaraq çoxlu yoxlama olur, amma soyuqqanlı olmalı, çılğınlığa yol verməməlisən. Xırda emosiya böyük bir problemə yol aça bilər. Çətinliyim də az olmayıb. Hətta haradasa 20 gün tam çörəksiz qidalanmışam. Nə tapmışamsa, onu da yemişəm”.

Mübariz Aslanov 1982-ci ildə Beyləqan rayonunda anadan olub. Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsini 2005-ci ildə magistr səviyyəsində bitirib. 2005-2006-cı illərdə hərbi xidmətdə olub. 2008-ci ildən jurnalist fəaliyyətinə başlayıb. Azadinform İA, APA, “Report” İA kimi media orqanlarında işləyib. 2019-2020-ci illərdə AzTV-nin mətbuat xidmətində çalışıb. 2020-ci ildən “Report” İnformasiya Agentliyinin, Baku TV-nin Şərqi Avropa üzrə xüsusi müxbiridir.

Son xəbərlər

Orphus sistemi