Tanınmış jurnalist Həmid Həmidov Report Media Məktəbinin qonağı olub

Tanınmış jurnalist Həmid Həmidov Report Media Məktəbinin qonağı olub “Global Media Group”un media direktoru, tanınmış bloqçu, jurnalist Həmid Həmidov Report Media Məktəbinin tələbələri ilə görüşüb.
Media
18 Avqust , 2022 19:12
Tanınmış jurnalist Həmid Həmidov Report Media Məktəbinin qonağı olub
Həmid Həmidov

“Global Media Group”un media direktoru, tanınmış bloqçu, jurnalist Həmid Həmidov Report Media Məktəbinin tələbələri ilə görüşüb.

H.Həmidov müasir mediada yaradılan məhsulun zamanında oxucuya çatdırılmasının əhəmiyyətini vurğulayıb:

“Exo” qəzetində işləməyə başladığım dövrdə nəşrin populyarlığının ölçü meyarı satış idi. Qəzet yaxşı alınırdısa, heç kim bunun səbəbini, hansı yazıya görə satıldığını bilmirdi. Bu gün ən vacib göstərici baxış sayıdır. Kimsə dahiyanə bir yazı yaza bilər, amma oxunma sayı bəzən heç yüzü ötmür. Bu halda işəgötürən şəxsin öz-özünə sualı yaranacaq: nə səbəbdən oxunmayan bir yazıya görə pul ödəməliyəm”.

Jurnalist peşənin sirlərini öyrənməyin vacibliyini də qeyd edib:

“Heç kim heç kəsə heç nə öyrətmir. Bir redaksiyaya gedərkən sizin təhsilinizlə heç kim məşğul olmaq istəməyəcək. Qəzet dövründə kimisə öyrətmək olurdu. Bu gün isə medianın iş tempi o qədər yüksəkdir ki, bunun öhdəsindən hər adam gələ bilmir. Üstəlik, yüksək stres faktoru da var. Bu cür təmənnasız media məktəbinin agentliyin təşəbbüsü ilə yaradılması inanın mənə sizin üçün böyük üstünlükdür”.

Qeyd edək ki, H.Həmidov 1980-ci ildə Bakıda anadan olub. “Exo” qəzetinin baş redaktor müavini vəzifəsində çalışıb. Uzun müddət bir sıra aparıcı Azərbaycan KİV-i, Baltikyanı ölkələrin mətbuatı, ABŞ, Polşa, İsrail və Rusiyanın mediası ilə əməkdaşlıq edib. 2018-ci ildə “Global Media Group”un yaratdığı Media.az informasiya portalının baş redaktoru vəzifəsinə dəvət alıb. Bir il sonra bu holdinqin media direktoru vəzifəsinə kimi yüksəlib.

2020-ci il iyulun 22-də Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu ilə mükafatlandırılıb.

Son xəbərlər

Orphus sistemi