“Region Plus” analitik jurnalının 500-cü nömrəsi işıq üzü görüb.
“Report” xəbər verir ki, jurnal 2006-cı ilin mart ayından Azərbaycanda jurnalistlər, analitiklər, politoloqlar, iqtisadçılar, mədəniyyət, incəsənət və idman sahəsində ekspertlər qrupu tərəfindən nəşr olunur.
Region ölkələrindən olan icmalçılar da jurnalın səhifələrində vaxtaşırı öz məqalələrini və şərhlərini təqdim edirlər.
Nəşrdə həmçinin dövlət və hökumət başçıları, nazirlər, ictimai-siyasi xadimlərlə müsahibələr də dərc olunur.
“Bu illər ərzində jurnalımız həm ölkədə, həm Cənubi Qafqaz regionunda, həm də bütövlükdə dünyada baş verən ən mühüm hadisələrin işıqlandırılması üçün ideal platformaya çevrilib. Analitik yazılar iş adamları, jurnalın oxucuları və mühüm qərarların qəbulu üçün bir növ “dayaq nöqtəsi” olub. Müxtəlif ölkələrin nazirləri, səfirləri və dövlət rəsmiləri ilə çoxsaylı müsahibələr həm ölkəmizdə, həm də xaricdə oxucular tərəfindən maraqla qarşılanıb və indi də böyük maraq doğurur”, - jurnalın baş redaktoru Emin Ələkbərov “Report”a açıqlamasında bildirib.
Jurnalın çoxsaylı oxucuları arasında dövlət qurumları, özəl şirkətlər, qeyri-hökumət təşkilatları, diplomatik nümayəndəliklər, siyasi və iqtisadi xadimlər, ziyalıların nümayəndələri də var.