Perunun rəsmi portalı ermənilərin Azərbaycan ərazisindəki vəhşiliklərini işıqlandırıb

Perunun rəsmi portalı ermənilərin Azərbaycan ərazisindəki vəhşiliklərini işıqlandırıb Peru jurnalistlər Federasiyasının rəsmi portalında dərc olunan “Nəhayət ki, Qarabağa sülh gəldi” sərlövhəli məqalədə ermənilərin Azərbaycan ərazisindəki vəhşilikləri işıqlandırılıb.
Media
7 Oktyabr , 2023 06:11
Perunun rəsmi portalı ermənilərin Azərbaycan ərazisindəki vəhşiliklərini işıqlandırıb

Peru Jurnalistlər Federasiyasının rəsmi portalında dərc olunan “Nəhayət ki, Qarabağa sülh gəldi” sərlövhəli məqalədə ermənilərin Azərbaycan ərazisindəki vəhşilikləri işıqlandırılıb.

Azərbaycanın Perudakı Səfirliyindən “Report”a verilən məlumata görə, məqalədə respublikamızın beynəlxalq səviyyədə tanınmış ərazilərinin Ermənistan tərəfindən uzun illər qanunsuz işğalı, etnik təmizləmələrin aparılması, nəticədə bir milyondan çox soydaşımızın qaçqın və məcburi köçkünə çevrilməsi xatırladılır.

Qeyd edilir ki, 2020-ci ildə Ermənistanın yeni təxribatlarına cavab olaraq, Azərbaycanın başladığı Vətən müharibəsi nəticəsində bu ölkənin silahlı qüvvələri tam məğlubiyyətə uğradılaraq təslim olub.

Daha sonra məqalədə müəllif digər Latın Amerikası jurnalistləri ilə birlikdə Azərbaycanın işğaldan azad edilmiş torpaqlarına səfəri haqqında təəssüratlarını, bu zaman onların şahidi olduqları erməni vəhşiliklərinin izlərindən, şəhər və kəndlərin, mədəni, tarixi irs abidələrinin, qəbiristanlıqların dağıdılması və talan edilməsindən, dini məbədlərin təhqir edilməsindən, ekosid, hər yerin minalanmasından dəhşətə gəldiklərini bölüşür.

Müəllif vurğulayır ki, belə vandal hərəkətləri ilə ermənilər bu torpaqlarda Azərbaycan haqqında istənilən yaddaşı silməyə çalışıblar.

Məqalədə Azərbaycanın qələbəsindən sonra yaranmış yeni reallıqlardan, ölkənin rəhbərliyi tərəfindən azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa işlərinin həyata keçirilməsi və doğma torpaqlarından qovulmuş azərbaycanlıların öz evlərinə qayıdışının təmin edilməsi üçün görülən tədbirlərdən bəhs edilir.

Müəllif qeyd edir ki, cari il sentyabrın 19-da lokal antiterror tədbirlərinin keçirilməsi, Azərbaycan Ordusunun torpaqlarımızda qanunsuz yerləşdirilən Ermənistan silahlı qüvvələrinin qalıqlarını sarsıdıcı məğlubiyyətə uğratması və Qarabağda qondarma cinayətkar rejiminin özünü buraxması nəticəsində respublikamızın bütün ərazisi üzərində suverenliyinin tam bərpa edilməsinə nail olub.

Məqalədə ölkəmizin rəhbərliyinin Qarabağda yaşayan və ölkə sərhədini tərk edən erməniəsilli sakinlərin çoxmillətli Azərbaycan cəmiyyətinə reinteqrasiya prosesinə çağırışının vacibliyi qeyd olunur.

Vurğulanır ki, Azərbaycan öz tərəfindən regionda dayanıqlı sülhün, təhlükəsizliyin, sabitliyin və rifahın təşəkkül tapması üçün zəruri olan bütün addımları atır.

Sonda müəllif, Ermənistanı Azərbaycanın ərazi bütövlüyünə hörmət etməyə və sülh müqaviləsinin imzalanmasına maneə törətməməyə çağırır.

Son xəbərlər

Orphus sistemi