Media nümayəndələri Naxçıvanda səfərdədir.
"Report"un yerli bürosu xəbər verir ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə Azərbaycan Mərkəzi Bankının təşəbbüsü ilə mətbuat orqanlarının əməkdaşlarının Naxçıvana səfəri başlayıb.
Qonaqlar əvvəlcə Ulu Öndər Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsi önünə gül dəstələri qoyub, Ümummilli Liderin xatirəsinə ehtiramlarını bildiriblər.
Sonra Heydər Əliyev Muzeyinə baxış olub.
Səfər çərçivəsində mətbuat orqanlarının əməkdaşları Biznes Mərkəzindəki sərgi ilə tanış olacaq, sonra təlim keçiriləcək.
Təlimdə media nümayəndələrinə regionda bankların fəaliyyəti, Mərkəzi Bankın Naxçıvan Muxtar Respublika İdarəsinin iş funksiyaları haqqında təqdimat keçiriləcək. Həmçinin, muxtar respublika rəhbərliyi tərəfindən sosial-iqtisadi inkişafın təmin edilməsi baxımından bu il ərzində həyata keçirilən tədbirlər, ölkə Prezidentinin müvafiq sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı” barədə və proqramda bank və sığorta xidmətlərinin inkişaf etdirilməsinə dair verilmiş tapşırıqlar barədə məlumat çatdırılacaq.
Günün ikinci yarısında isə mətbuat orqanları əməkdaşlarının Naxçıvan Dövlət Universiteti və Duzdağ Fizioterapiya Mərkəzi ilə tanışlığı olacaq.