Lənkəran şəhərində yeni istifadəyə verilmiş penitensiar müəssisəyə mediatur keçirilib.
“Report” xəbər verir ki, təqdimatda Ədliyyə Nazirliyinin, Penitensiar xidmətin aidiyyəti məsul işçiləri, Milli Məclisin deputatları, Vəkillər Kollegiyasının, Ədliyyə Nazirliyi yanında İctimai Şuranın üzvləri, hüquq müdafiəçiləri, digər vətəndaş cəmiyyəti institutları və media nümayəndələri iştirak edib, kompleksdə yaradılan şəraitlə tanış olublar.
Kompleksdə müxtəlif cinayətlərə görə azadlıqdan məhrum edilmiş məhkumlar, təcridxanasında isə həbs edilmiş şəxslər saxlanılacaqlar. Müəssisədə məhkumlar üçün zəruri şərait, o cümlədən ayrıca sanitar qovşağı, gəzinti yerləri olan kameralardan ibarət müxtəlif rejimli korpuslar inşa edilib.
Eyni zamanda müəssisənin təcridxana hissəsində müstəntiq və vəkillərin rahat fəaliyyət göstərmələri, istintaq hərəkətlərinin aparılması üçün zəruri şərait yaradılıb. Məhbusların məhkəmə iclaslarında məsafədən - videokonfrans vasitəsilə iştirakı, habelə telefon danışıqları və videogörüş üçün lazımi avadanlıqla təchiz olunmuş xüsusi otaqlar qurulub. Uzunmüddətli və qısamüddətli görüş otaqlarına da baxış keçirilib. Qeyd olunub ki, uzunmüddətli görüş otaqları studio-mənzil tipli olmaqla zəruri məişət avadanlığı ilə təchiz olunub, öz ailələri ilə rahat vaxt keçirmələri üçün yaradılan müasir şərait məhkumların sosial adaptasiyasına xidmət edir.
Saxlanılan şəxslərə tibbi xidmətin göstərilməsi üçün ərazidə müasir tibbi avadanlıqla təchiz olunmuş binalar inşa edilib. Burada kardioloq, stomatoloq, fizioterapevt, ultrasəs müayinəsi, cərrahiyə, manipulyasiya otaqları, laboratoriya, geniş dərman çeşidləri ilə təchiz olunmuş aptek, bütün şəraiti, stasionar, o cümlədən intensiv terapiya çarpayıları olan palatalar mövcuddur.