Azərbaycanın bir qrup jurnalistinin Suqovuşan su anbarına səfəri başlayıb.
"Report"un məlumatına görə, "Meliorasiya və Su Təsərrüfatı" ASC-nin nümayəndəsi Dilqəm Şərifov bildirib ki, səfərin məqsədi işğaldan azad edilmiş Suqovuşan su anbarının mövcud vəziyyəti ilə tanışlıq və gələcəkdə anbarda aparılacaq infrastruktur işləri ilə bağlı ətraflı məlumat verməkdir.
O bildirib ki, Suqovuşan su anbarının azad edilməsi ilə bir neçə rayonun su təminatı problemi həll edilib: "Suqovuşan su anbarı Tərtər rayonunun ərazisində, Tərtərçay çayı üzərində yerləşir. 1976-cı ildə istismara verilmiş su anbarı Tərtərçay Turaqaçay çaylarından daxil olan suların hesabına formalaşır. Ümumi həcmi 5,86 milyon kbm olan su anbarından ümumilikdə 96 217 hektar torpaq sahələrinin, o cümlədən Tərtər rayonunun 29 317, Ağdərə rayonunun 14 380, Goranboy rayonunun 6 938, Yevlax rayonunun 4 918, Bərdə rayonunun 7 778, Ağdam rayonunun 30 886 və Ağcabədi rayonunun 2 000 hektar əkin sahələrinin suvarma suyu ilə təmin olunması nəzərdə tutulub".
O deyib ki, su anbarı 28 il ərzində işğal altında olduğundan torpaq sahələrinin su təminatında ciddi çətinliklər yaranıb: "Bununla yanaşı, suyun buraxılmaması çayda kəskin ekoloji problemlər yaradıb. Ərazidə ekoloji tarazlıqın bərpa edilməsi ilə yanaşı, uzun illərdən bəri su təminatı çətin olan bu ərazilərə suyun verilməsi, burada gələcəkdə əkinlərin davamlı aparılmasına, su qıtlığının aradan qaldırılmasına, kənd təsərrüfatında yüksək məhsuldarlığın əldə edilməsinə təminat yaranıb".