İctimai Televiziya və Radio Yayımları Şirkətinin 17 yaşı tamam olur

İctimai Televiziya və Radio Yayımları Şirkətinin 17 yaşı tamam olur Bu gün İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İctimai Televiziya və İctimai Radio) fəaliyyətə başladığı gündür.
Media
29 Avqust , 2022 10:34
İctimai Televiziya və Radio Yayımları Şirkətinin 17 yaşı tamam olur

Bu gün İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İctimai Televiziya və İctimai Radio) fəaliyyətə başladığı gündür.

“Report”un xəbərinə görə, şirkətin 17 yaşı tamam olur.

Şirkət "İctimai televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 5 noyabr 2004-cü il tarixli Fərmanına əsasən yaradılıb. Həmin Fərmana əsasən, Azərbaycan dövlət televiziyasının 2-ci kanalı və Azərbaycan dövlət radiosunun 1-ci kanalı bütün əmlakı və avadanlığı ilə birlikdə İctimai Televiziya və Radio Yayımının Yayım Şurasına İctimai Televiziya və Radio Yayımları Şirkətinin yaradılması üçün verilib. İctimai Televiziya və Radio Yayımları Şirkətinin fəaliyyəti "İctimai Televiziya və Radio yayımı haqqında" Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.

Keçmiş Milli Televiziya və Radio Şurasının (MTRŞ) (indiki Audivizual Şura) 22 avqust 2005-ci il tarixli qərarı ilə İctimai Televiziya və Radio Yayımları Şirkətinə televiziya yayımı üçün xüsusi razılıq (lisenziya) verilib.

İctimai televiziyanın verilişləri Azərbaycanın bütün ərazisində 24 saat ərzində Azərbaycan dilində aparılır. Televiziyanın mənzil qərargahı Bakı şəhərində yerləşir, Avropa Yayım İttifaqının üzvüdür.

İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurası 9 üzvdən ibarətdir. Baş direktor isə ictimai yayımçının yaradıcılıq və işgüzar fəaliyyətini əlaqələndirən, bu qanunla onun səlahiyyətinə aid edilmiş məsələlər üzrə qərarlar qəbul edən, bütövlükdə yayım fəaliyyətinin təşkilinə cavabdeh olan vəzifəli şəxsdir və Yayım Şurası tərəfindən 4 il müddətinə seçilir.

İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru Balaş Qasımovdur. O, bu vəzifəyə 2022-ci ilin mayın 24-də yenidən seçilib. B.Qasımovun rəhbərliyindən sonra televiziyanın efirində rəngarənglik müşahidə olunur. Belə ki, İctimai televiziya və radioya yeni, cəmiyyətin qəbul etdiyi pozitiv aparıcılar cəlb olunub. Bununla yanaşı, fəaliyyətə başlayan yeni verilişlər tamaşaçıların marağına səbəb olub. Bu siyahıya "3D", "Dikdaban", "Pressinq" və s. verilişləri əlavə etmək olar. Beləliklə, telekanal auditoriyasını daha da genişləndirib.

Balaş Qasımov
Balaş Qasımov

Prezident İlham Əliyev İctimai Televiziya və Radio Yayımları Şirkətinə maliyyə dəstəyi göstərilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla 2024-cü ildə Fransanın Paris şəhərində keçiriləcək XXXIII Yay Olimpiya Oyunlarını yayım hüququnu Azərbaycan Respublikası İctimai Televiziya və Radio Yayımları Şirkətinin əldə etməsi üçün Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikası İctimai Televiziya və Radio Yayımları Şirkətinə 640 min ABŞ dollarının manat ekvivalentində vəsait ayrılıb.

Eyni zamanda, şirkətdə aparılan kadr islahatları da televiziyanın inkişaf etməsinə təkan verib. Belə ki, şirkətdə iş əmsalının yüksəldilməsinə xidmət etmək məqsədi ilə B.Qasımovun təqdimatına əsasən yeni vəzifələr üzrə kadr təyinatı aparılıb. Həmçinin maarifləndirici verilişlərin sayının artması İTV-nin auditoriyasının genişlənməsi üçün şərait yaradıb.

44 günlük Vətən müharibəsi dönəmində də İctimai Televiziya informasiya müharibəsində ilk sıralarda yer alıb.

"Report" İnformasiya Agentliyi İctimai Televiziya və Radio Yayımları Şirkətini təbrik edir, işlərində daha böyük nailiyyətlər arzulayır.

Son xəbərlər

Orphus sistemi