Gəncədə “Audiovizual mediada uşaq hüquqlarının qorunması” mövzusunda dəyirmi masa keçirilib

Gəncədə “Audiovizual mediada uşaq hüquqlarının qorunması” mövzusunda dəyirmi masa keçirilib Audiovizual Şuranın təşkilatçılığı ilə Gəncə şəhərində "Audiovizual mediada uşaq hüquqlarının qorunması" mövzusunda dəyirmi masa keçiriib.
Media
23 May , 2023 18:53
Gəncədə “Audiovizual mediada uşaq hüquqlarının qorunması” mövzusunda dəyirmi masa keçirilib

Audiovizual Şuranın təşkilatçılığı ilə Gəncə şəhərində "Audiovizual mediada uşaq hüquqlarının qorunması" mövzusunda dəyirmi masa keçirilib.

"Report"un Qərb bürosu xəbər verir ki, tədbirdə Audiovizual Şuranın, Gəncə Şəhər İcra Hakimiyyətinin, Medianın İnkişafı Agentliyinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Elm və Təhsil Nazirliyinin regional idarəsinin nümayəndələri, bir sıra qeyri-hökumət təşkilatlarının təmsilçiləri, habelə regional audiovizual media subyektlərinin məsul şəxsləri iştirak ediblər.

Tədbiri açan Audiovizual Şura sədrinin köməkçisi Haşim Əliməmmədzadə 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü ərəfəsində təşkil olunmuş tədbirin əhəmiyyətindən danışmış, hazırda uşaq hüquqlarının müdafiəsinin dünyada da ən aktual məsələlərdən biri olmasını bildirib.

Gəncə Şəhər İcra Hakimiyyətinin yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Xalidə Metenin çıxışında yetkinlik yaşına çatmayan uşaqların müxtəlif problemləri, valideyn himayəsindən məhrum olan uşaqlar, təhsildən yayınma halları, çətin tərbiyə olunan uşaqlar, cinayətkarlığa meyilli uşaqlarla bağlı problemlərdən söz açıb, belə halların qarşısının alınması üçün maarifləndirmə işlərinin əhəmiyyətindən danışıb.

Sonra dövlət qurumlarının və QHT-lərin nümayəndələri dəyirmi masanın mövzusu üzrə çıxışlar ediblər.

Audiovizual Şuranın əməkdaşı Ayxan Sadıqlı 1995-ci ildə Ulu Öndərin təşəbbüsü və birbaşa rəhbərliyi ilə qəbul olunmuş Konstitusiyanın 17-ci maddəsinin birbaşa uşaq hüquqlarının və mənafelərinin qorunmasını özündə əks etdirdiyini diqqətə çatdırıb. O əlavə edib ki, dövlət başçısının təsdiq etdiyi bir sıra məqsədli dövlət proqramları və milli fəaliyyət planları uşaqların hüquq və maraqlarının müdafiəsi, vahid dövlət uşaq siyasətinin formalaşdırılması, tənzimlənməsi, həyata keçirilməsi, uşaqların fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımı həyat səviyyəsinin təmin olunması sahəsində inkişafı hədəfləyir. Həmin proqramlardan biri də "Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün Fəaliyyət Planı"dır. Bu Fəaliyyət Planında əsas icraçı qurumlardan biri də Audiovizual Şuradır. Ayxan Sadıqlı daha sonra yayım zamanı uşaq hüquqlarının qorunması istiqamətində audiovizual yayımçıları cəlb etməklə görülmüş işlər haqqında məlumat vermiş və bu sahədə audiovizual media subyektlərinin (onların redaksiyalarının) üzərində düşən vəzifələrdən danışıb

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Analitik təhlil və informasiya təminatı şöbəsinin böyük məsləhətçisi Sevil Rəsulzadə "Uşaqların zərərli informasiyadan qorunması haqqında" Azərbaycan Respublikası Qanununun icrası istiqamətində Dövlət Komitəsi tərəfindən görülən işlər barədə məlumat verib. O, həmçinin informasiya materialının yaş təsnifatının aparılması qaydaları, bu sahədə ekspertlərin attestasiyası haqqında da çıxış edib. Dövlət Komitəsinin məsul şəxsi uşaq hüquqlarının və uşaq məsələlərinin mediada işıqlandırılması ilə bağlı yayımçılara tövsiyələr verib.

Medianın İnkişafı Agentliyinin şöbə müdiri Səbinə Seyidova televiziyada reytinq və uşaq hüquqları ilə bağlı çıxış edib. O, dəyirmi masa iştirakçılarına uşaqlara yönəlmiş informasiyaya dair jurnalistlərin peşə davranışı qaydalarının tələbləri və problemin həll yolu kimi jurnalistlərin peşəkarlığının artırılması istiqamətində atılan və nəzərdə tutulan addımlar haqqında ətraflı məlumat verib.

Tədbir çıxışlarla davam etdirilib.

Görüşdə iştirak edən regional audiovizual media subyektlərinin nümayəndələri də məsələyə münasibətlərini ifadə edib, bu sahədə qarşılaşdıqları çətinliklərdən danışmış, özlərini maraqlandıran sualları səsləndiriblər.

Dəyirmi masa qarşılıqlı fikir və təcrübə mübadiləsi, dialoq və müzakirə formatında keçib.

Son xəbərlər

Orphus sistemi