"Əgər üçtərəfli bəyanatın tələbləri vaxtında icra olunsaydı, hazırkı antiterror tədbirlərinə ehtiyac qalmazdı".
Bunu “Report” İnformasiya Agentliyinin rəhbəri Fuad Hüseynəliyev CBC televiziyasının efirində bildirib.
O, qeyd edib ki, 44 günlük müharibədən sonrakı razılaşmalar Ermənistan tərəfindən yerinə yetirilməyib.
“2020-ci ildəki İkinci Qarabağ müharibəsindən sonra qanunsuz erməni silahlı dəstələrinin Azərbaycan ərazisindən çıxarılması razılaşdırılmışdı. Lakin Ermənistan bu dəfə də razılaşmaları icra etməkdən boyun qaçırdı. Ermənilər belə hesab edirlər ki, hər zaman verdikləri vədlərdən yayına bilərlər. Həmin dəstələr hələ də oradadırlar. Lokal antiterror tədbirlərinin məqsədi də məhz Ermənistan silahlı qüvvələrinin qalıqlarını Qarabağdan çıxarılmasıdır”, - agentlik rəhbəri bəyan edib.
Media.Az informasiya portalının baş redaktoru Cəmilə Ələkbərova vurğulayıb ki, Nikol Paşinyan növbəti dəfə Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. O, Ermənistanın baş nazirinin ölkəsinin “Qarabağda hərbi münaqişəyə” cəlb edilməməsi ilə bağlı bəyanatını belə şərh edib.
“Erməni tərəfinin davranışı məntiqsizdir. Biz bunu 30 il və daha sonra 10 noyabr 2020-ci ildə Üçtərəfli Saziş imzalanandan sonrakı üç ildə gördük. Onlar bir şeyi deyib, başqa bir şey etməyə öyrəşiblər” deyə C.Ələkbərova izah edib.
Daha ətraflı CBC TV-nin materialında: