Bakı. 2 mart. REPORT.AZ/ Martın 2-də Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) ilə Türkiyənin Anadolu Agentliyi, Sloveniya Mətbuat Agentliyi (STA) arasında əməkdaşlıq haqqında sazişlər, Rumıniyanın AGERPRESS Agentliyi ilə Anlaşma Memorandumu imzalanıb.
Sənədləri AZƏRTAC-ın 95 illik yubileyi mərasimində baş direktor Aslan Aslanov, Anadolu Agentliyinin beynəlxalq əlaqələr şöbəsinin müdiri Ercan Göçer, STA-nın baş direktoru Boyan Veselinoviç və AGERPRES-in baş direktoru İon Alexandru Giboi imzalayıblar.
Sənədlərə əsasən, AZƏRTAC ilə bu agentliklər arasında informasiyaların mübadiləsi həyata keçiriləcək, qazanılmış təcrübələrdən yararlanmaq üçün əməkdaşların qarşılıqlı səfərləri təşkil olunacaq.
Xatırladaq ki, fevralın 27-də AZƏRTAC ilə Türkmənistan Dövlət İnformasiya Agentliyi (TDX) arasında informasiya mübadiləsi haqqında saziş imzalanmışdı.