Azərbaycanda televiziya, radio və nəşriyyata büdcədən ayırmalar cüzi artırılıb

Azərbaycanda televiziya, radio və nəşriyyata büdcədən ayırmalar cüzi artırılıb 2025-ci ildə Azərbaycanda dövlət büdcəsindən televiziya, radio və nəşriyyata 67,8 milyon manat ayrılacaq.
Media
27 Dekabr , 2024 10:55
Azərbaycanda televiziya, radio və nəşriyyata büdcədən ayırmalar cüzi artırılıb

2025-ci ildə Azərbaycanda dövlət büdcəsindən televiziya, radio və nəşriyyata 67,8 milyon manat ayrılacaq.

"Report"un məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi “2025-ci ilin dövlət büdcəsi haqqında" qanunun tətbiqi barədə Fərmanda öz əksini tapıb.

Sənədə əsasən, bu, 2024-cü ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 0,2 % çoxdur.

O cümlədən, gələn il büdcədən “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-yə 42,6 milyon manat maliyyə yardımı nəzərdə tutulub ki, bu da bu ilə nisbətən eynidir.

İctimai Televiziya və Radio Yayımları Şirkətinə maliyyə yardımı isə 0,1 % artırılaraq 21,8 milyon manata çatdırılıb.

Gələn il “Azərbaycan Nəşriyyatı” MMC-yə büdcədən ayırmalar da bu illə müqayisədə eyni - 2,4 milyon manat olacaq.

“Mir” Dövlətlərarası Teleradio Şirkətinin Azərbaycan Milli Nümayəndəliyinə büdcədən ayırmalar isə 0,95 % artırılaraq 0,7 milyon manata çatdırılıb.

Gələn il Mədəniyyət Nazirliyinin media fəaliyyəti üçün isə büdcədə bu ilə nisbətən eyni məbləğdə - 0,3 milyon manat vəsait ayrılması nəzərdə tutulub.

Xatırladaq ki, bu gün Prezident İlham Əliyev Milli Məclisin dekabrın 16-da qəbul etdiyi "2025-ci il dövlət büdcəsi haqqında" qanunu təsdiqləyib.

Gələn il büdcənin gəlirlərinin 38 milyard 356 milyon manat (2024-cü ilin təsdiq olunmuş proqnozuna nisbətən 5,4 % çox), xərclərinin isə 41 milyard 407,6 milyon manat (4,2 % çox) olacağı gözlənilir.

Son nəticədə büdcədə ÜDM-in 2,4 %-i qədər - 3 milyard 51,6 milyon manat kəsir yaranmalıdır. Bu isə illik müqayisədə 9 % azdır.

Son xəbərlər

Orphus sistemi