Azərbaycanda 10 xəbər saytının monitorinqi aparılacaq

Azərbaycanda 10 xəbər saytının monitorinqi aparılacaq Monitorinqin nəticələrinin gələn ay açıqlanması gözlənilir
Media
7 Yanvar , 2015 17:27
Azərbaycanda 10 xəbər saytının monitorinqi aparılacaq

Bakı. 7 yanvar. REPORT.AZ/ Azərbaycanda xəbər saytı və portallarının dili ilə bağlı monitorinq aparılacaq.

Bu barədə "Report"a AMEA Dilçilik İnstitutunun Monitorinq şöbəsinin müdiri, professor Qulu Məhərrəmli məlumat verib.

O deyib ki, məqsəd xəbər saytı və portallarının xəbəri hansı dil səviyyəsində cəmiyyətə çatdırmalarını müəyyənləşdirməkdir. Monitorinq üçün 10-a yaxın sayt seçilib. Həmin saytların adları hələlik açıqlanmır. Fevralın ortalarına qədər nəticələrin müəyyənləşməsi planlaşdırılır. Nəticələr müəyyən olunduqdan sonra mətbuat konfransı keçiriləcək və saytların adı da orada açıqlanacaq. 

Q.Məhərrəmli bildirib ki, saytlarla bağlı iş mürəkkəbdir. Bu işlə bağlı bir neçə metodika planlaşdırılır: "Saytların monitorinqi zamanı televiziya və radio verilişlərinə yanaşdığımız metodika ilə işləmək mümkün deyil. Monitorinqin əsas məqsədi internet istifadəçilərinin burda hansı dili gördüyü, nə dərəcədə bu dilin anlaşıqlı olmasını müəyyənləşdirməkdir".

Şöbə müdiri həmçinin qeyd edib ki, saytlarda Azərbaycan dilinin qaydalarına biganəlik var: "Jurnalistlər anlamalıdır ki, adi bir səhv belə saytın ciddiliyini şübhə altına alır. Xəbərlərdə ən çox rast gəlinən səhvlər orfoqrafik səhvlərdir, söz sırasının pozulması, məna səhvlərinə yol verilməsi, alınma sözlərə həddindən artıq meyl edilməsinə də az rast gəlinmir". 

Son xəbərlər

Orphus sistemi