Bakı. 26 dekabr. REPORT.AZ/ Azərbaycan teleməkanında terror hadisələri, ekstremiz və digər müharibə cinayətlərinə dair informasiyaya xüsusi süzgəc tətbiq olunmalıdır. Bunu "Report"a Milli Məclisin Təhlükəsizlik və Müdafiə Komitəsinin üzvü, millət vəkili Zahid Oruc deyib.
"Azərbaycan Respublikasının qanunvericiliyində terrorçuluğun təbliği cəzalandırılır. Ancaq dünyada gedən proseslər və terrorun hazırda əsas təhlükəyə çevrilməsi bizdən yeni yanaşmalar, daha doğrusu qanunda dəyişikliklər tələb edir", - millət vəkili deyib.
O vurğulayıb ki, hər hansı ölkədə baş verən ekstremizm halı ekranlara daşınırsa, bu zaman KİV-lər passiv təbliğatçı rolunda çıxış edirlər: "Halbuki, 11 sentyabr hadisələrini ABŞ televiziyalarında nümayiş etdirməyə qadağa qoyan Birləşmiş Ştatlar elitası nəzərə alırdı ki, əhalidə qorxu və xofun qarşısını almaq vacibdir. Hətta, Əfqanıstandan çəkilmiş məlum səhnələri belə ekranlara tamamilə daşımağa yol vermədilər.Eyni zamanda aqressivliyin stimullaşdırılmasına yol verməmək üçün mətbuat orqanları müəyyən çərçivədə fəaliyyət göstərməlidirlər. Çünki pislik, qeyri-insani hərəkətlər və bəşəri cinayətlər bəzən onu ictimai səviyyədə lənətləməklə deyil, yasaq rejimində ona yanaşmaqla qarşısı alına bilər".
Z.Oruc deyib ki, Azərbaycan xalqının məruz qaldığı soyqırımı cinayətlərindən nümayiş olunan səhnələr belə uşaqların, yeniyetmə və gənclərin mənəvi-psixoloji varlığını zədələyə bilir: "Bunların informasiya siyasətində mühüm əhəmiyyətini dərk edərək, "Terrorçuluqla mübarizə haqqında" qanunda dəyişikliklər mütləq edilməlidir".
Xatırladaq ki, Rusiya hökuməti KİV-də ekstremizm və terror fəaliyyətinə haqq qazandıran, çağırışlar edənlərin bir milyon rubladək (13 min manata yaxın) cəzalandırılması ilə bağlı qanun dəyişiklikləri layihəsini Dövlət Dumasına göndərib.
"Report" yerli KİV-ə istinadən xəbər verir ki, Rusiya Vətəndaş Cəmiyyəti İnkişafı və İnsan Haqları üzrə Şuranın başçısı Mixail Fedetovun sözlərinə görə, bu qaydaları pozan KİV-in fəaliyyəti dayandırıla da bilər.
Həmin dəyişikliklərə əsasən, "zorakılığı və qəddarlığı təbliğ edən" materialları yayanlar da məsuliyyətə cəlb ediləcək.
"Terrorçuluq və ya ekstremizmə çağırış edən" KİV əmlakı müsadirə edilməklə 100 mindən bir milyon rubladək cərimə olunacaq.