Axar.az xəbər saytı 10 yaşını qeyd edir.
“Report”un xəbərinə görə, 2013-cü ilin oktyabrın 19-da oxucularla ilk görüşə gələn sayt Azərbaycanda, regionda və dünyada baş verən hadisələri işıqlandırır.
Saytın baş redaktoru Anar Niftəliyev bildirib ki, hazırda saytın gələcək fəaliyyəti ilə bağlı müxtəlif layihələr var:
"Axar.Az-ın oxucular tərəfindən sevilməsi uğurdur. Axar.az Azərbaycan, ingilis, rus, və fars dillərində 4 versiyada işləyir. Ərəb əlifbası ilə Azərbaycan dilində fəaliyyət göstərən yeganə yerli media orqanıdır. Yeni layihələrimiz var. Bunlardan ən başlıcası İnternet TV layihəsidir".
Qeyd edək ki, Axar.az saytı “Teleqraf” Media Qrupun tərkibində fəaliyyət göstərir. Holdinqin rəhbəri tanınmış jurnalist Aynur Camalqızı, saytın baş redaktoru isə Anar Niftəliyevdir.
“Report”un kollektivi Axar.az-da çalışan həmkarlarını təbrik edir, onlara uğurlar arzulayır!