ANS məhkəmə qərarından apellyasiya şikayəti verib

ANS məhkəmə qərarından apellyasiya şikayəti verib Ərizə Bakı Apellyasiya Məhkəməsinə təqdim edilib
Media
7 Sentyabr , 2016 12:37
ANS məhkəmə qərarından apellyasiya şikayəti verib

Bakı. 7 sentyabr. REPORT.AZ/ ANS Müstəqil Yayım və Media Şirkəti Milli Televiziya və Radio Şurasına (MTRŞ) qarşı şikayəti üzrə məhkəmə qərarından apellyasiya şikayəti verib.

Bu barədə "Report" ANS-in vəkili Raqif Mustafayev bildirib.

Vəkilin sözlərinə görə, apellyasiya şikayətini Bakı Apellyasiya Məhkəməsinə təqdim edilib.

Qeyd edək ki, MTRŞ-nin iyul ayının 18-də keçirdiyi iclasında Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurası Türkiyə ilə Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətlərinin pozulmasına yönəlmiş təxribatın qarşısını almaq, açıq şəkildə terrorizmin təbliğatına yol verməmək məqsədilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun 18 iyul 2016-cı il tarixli müraciətini, “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun 11, 23, 32-ci maddələrinin tələblərini rəhbər tutaraq “ANS Müstəqil Yayınm və Media” Şirkətinin yayımının 18 iyul 2016-cı il tarixdən saat 18:30-dan etibarən 1 (bir ) ay müddətinə dayandırılması, 25 oktyabr 2013-cü il tarixli TR 099 saylı xüsusi razılığın (lisenziyanın) qüvvəsinə xitam verilməsi barədə məhkəmədə iddia qaldırılması, “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun 23.2.8-ci maddəsinin tələbinə uyğun olaraq “ANS ÇM Yayım və Media” Şirkətinə 25 oktyabr 2013-cü il tarixdə verilmiş TR 100 saylı xüsusi razılığın (lisenziyanın) qüvvəsinə xitam verilməsi barədə qərar qəbul edilib.

Daha sonra ANS 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinə müraciət edib. Hakim Elçin Məmmədovun sədrliyi ilə keçirilən prosesdə ANS MTRŞ-nın lisenziyanın ləğv olunması ilə bağlı qərarının ləğv edilməsini istəyib. Məhkəmə ANS-in müraciətini təmin etməyib.

Xatırladaq ki, ANS MTRŞ-nın televiziyanın yayımının bir ay müddətində dayandırılması barədə qərarın ləğv edilməsini istəyir. ANS həmin qərardan Bakı Apellyasiya Məhkəməsinə müraciət edib. Hakim Elşanə Vəliyevanın sədrlik etdiyi prosesdə iş baxılmamış saxlanılıb. Belə ki, hakim bu iş üzrə iddiaya 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxılmalı olduğunu bildirib.

Son xəbərlər

Orphus sistemi