Yuxarı

Mikayıl Müşfiqin qalıqlarının tapılması haqqında KİV-də yayılan materialların araşdırılması ilə bağlı yaradılmış işçi qrupunun ilk iclası keçirilib

Mikayıl Müşfiqin qalıqlarının tapılması haqqında KİV-də yayılan materialların araşdırılması ilə bağlı yaradılmış işçi qrupunun ilk iclası keçirilib

Bakı. 1 noyabr. REPORT.AZ/ Şair Mikayıl Müşfiqin qalıqlarının tapılması haqqında kütləvi informasiya vasitələrində yayılan materialların araşdırılması ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən yaradılmış işçi qrupunun noyabrın 1-də Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin yanında ilk iclası keçirilib.

"Report" xəbər verir ki, iclasda Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva, Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə, səhiyyə naziri Oqtay Şirəliyev, mədəniyyət naziri Əbülfəs Qarayev, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyev, AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli, AMEA Tarix İnstitutunun direktoru Yaqub Mahmudov, Milli Arxiv İdarəsinin rəisi Əsgər Rəsulov və Yazıçılar Birliyinin katibi Çingiz Abdullayev iştirak ediblər.

İclasda Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq işçi qrupuna Mikayıl Müşfiqin qalıqlarının aşkar edilməsi ilə bağlı KİV-lərdə gedən məlumatların öyrənilməsi, müvafiq arxiv materiallarının araşdırılması, şairə məxsus olduğu ehtimal edilən qalıqların DNK analizinin keçirilməsi və digər zəruri tədbirlərin görülməsi ilə əlaqədar tapşırıqlar verilib.

İşçi qrupunun gördüyü işlər və əldə edilmiş nəticələr barədə mütəmadi olaraq Azərbaycan Prezidentinə məruzə olunacaq və ölkə ictimaiyyətinə məlumat veriləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi