Türk Dünyası Mədəniyyət Paytaxtı Əlaqələndirmə Mərkəzinin açılışı olub

Türk Dünyası Mədəniyyət Paytaxtı Əlaqələndirmə Mərkəzinin açılışı olub Bursa şəhərində 2022-ci il Türk Dünyası Mədəniyyət Paytaxtı Əlaqələndirmə Mərkəzinin açılış mərasimi keçirilib.
Mədəniyyət siyasəti
30 Mart , 2022 16:02
Türk Dünyası Mədəniyyət Paytaxtı Əlaqələndirmə Mərkəzinin açılışı olub

Bursa şəhərində 2022-ci il Türk Dünyası Mədəniyyət Paytaxtı Əlaqələndirmə Mərkəzinin açılış mərasimi keçirilib.

“Report”un müxbiri xəbər verir ki, TÜRKSOY-un təşkilatçılığı ilə keçirilən tədbirdə TÜRKSOY Daimi Şurasının növbədənkənar iclasına gəlmiş rəsmi şəxslər: üzv ölkələrin mədəniyyət nazirləri, o cümlədən Azərbaycan mədəniyyət naziri Anar Kərimov, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun (ITCHF) prezidenti Günay Əfəndiyeva, TÜRKSOY baş katibi Düsen Kaseinov, Türk-PA baş katibi Mehmet Sürəyya Ər, şəhər rəhbərliyi, diplomatik korpus nümayəndələri iştirak edib.

Tədbirdə nitq söyləyən Bursa Böyükşəhər Bələdiyyə sədri Əlinur Aktaş bildirib: “Bursa bu coğrafiyanın gördüyü ən böyük mədəniyyətin təməllərinin atıldığı şəhərdir. Bir cahan dövlətinin doğulub üç qitəyə yayıldığı şəhərdir. Fərqli mədəniyyətlərə beşik olan şəhərdir. Bursa bir UNESCO şəhəridir. Hər şeydən əvvəl bir türk şəhəridir. Ona görə də Bursamızın Türk Dünyası Mədəniyyət Paytaxtı olmasının haqlı qürur və xoşbəxtliyini yaşayırıq”.

O, gələn il Türk Dünyası Mədəniyyət Paytaxtı statusunun Şuşa şəhərinə keçəcəyini də qeyd edib.

Tədbir çərçivəsində TÜRKSOY-un fəaliyyətinə həsr olunmuş fotosərginin açılışı, üzv ölkələrin milli incəsənət qruplarının çıxışları da olub. Üzv ölkələrin rəsmiləri Novruz şənliyində də iştirak edərək tonqal üzərindən tullanıblar.

TÜRKSOY Daimi Şurasının növbədənkənar iclası martın 31-də keçiriləcək.

Son xəbərlər

Orphus sistemi