Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) fəaliyyətdə olan sədri, Maltanın xarici işlər naziri İan Borq (Ian Borg) 13-15 may tarixlərində Cənubi Qafqaz səfəri çərçivəsində Ermənistan, Azərbaycan və Gürcüstan rəsmiləri ilə görüşərək bir sıra məsələlər ətrafında müzakirələr aparıb. ATƏT sədri Azərbaycan və Ermənistandakı görüşləri zamanı Bakı və İrəvan arasında hərtərəfli sülhə nail olmağın təşkilatın prioriteti olduğunu xüsusilə vurğulayıb.
Azərbaycanda Prezident İlham Əliyev İan Borqun başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən ATƏT-in Minsk qrupu və onunla əlaqədar olan bütün təsisatların ləğv edilməsinin vaxtı olduğunu bildirib.
ATƏT-in fəaliyyətdə olan sədri İan Borq regional səfər zamanı Azərbaycanda baş tutan mövcud müzakirələr fonunda və digər bir sıra məsələlər ətrafında “Report”un suallarını cavablandırıb:
- Səfər çərçivəsində Azərbaycan və Ermənistan rəsmiləri ilə görüşləriniz oldu. Bu görüşlər sizdə iki ölkə münasibətləri ilə bağlı hansı təəssürat yaratdı? Sizcə, bu ilin sonuna qədər Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalanacaqmı?
- İrəvana və Bakıya səfərlərim iki aspekt üzərində qurulub: bir tərəfdən, biz hazırda ATƏT-in üzləşdiyi çağırışlarla bağlı fikir mübadiləsi apardıq. Digər tərəfdən, davam edən danışıqlar, sülh perspektivləri, müxtəlif təhlükəsizlik və humanitar narahatlıqlar barədə məlumat almaq üçün tərəflərin mövqelərini dinlədim. Açıq şəkildə bildirdim ki, Azərbaycan və Ermənistan arasında davamlı və hərtərəfli sülhə nail olmaq bizim hamımızın marağındadır və ATƏT üçün əsas prioritet olaraq qalır.
Hər iki paytaxtda apardığım müzakirələrdən gəldiyim qənaət odur ki, irəliləyiş əldə edilib və hərtərəfli sövdələşmənin əldə olunacağı barədə nikbin baxıram. Bu cür proseslər mürəkkəbdir və vaxt istəyir. Biz vaxt qrafikləri tətbiq etməklə (və ya edərək) danışıqlar aparanlara hədsiz təzyiq göstərməməliyik. Vacib olan müqavilənin keyfiyyəti və davamlılığıdır. Sülh və təhlükəsizliyə nail olmaq üçün bizə praqmatizm, realizm və həqiqi siyasi iradə lazımdır.
- Görüşlər zamanı ATƏT-in Azərbaycan və Ermənistan arasında sülh prosesini dəstəkləməyə hazır olduğunu bildirdiniz. Təşkilatın bu prosesə töhfəsi nədən ibarət olacaq? Bu kontekstdə hər hansı təşəbbüs irəli sürülübmü?
- ATƏT-in ən güclü tərəflərindən biri onun geniş alətlər spektri, digər kontekstlərdən çıxarılmış dərslər və qazanılmış təcrübə, eləcə də etimadın yaradılmasına güclü diqqət yetirməsidir. Münaqişədən sonrakı reabilitasiya, dialoq və barışıq istiqamətində də təcrübə var. Bu alətlər uyğunlaşdırıla və çevik şəkildə istifadə edilə bilər. Onlar bizə sülh sazişindən irəli gələn ehtiyaclara dəqiq cavab verməyə imkan verir. Amma o da aydındır ki, bütün iştirak edənlərin razılığına ehtiyacımız var. Belə ki, Ermənistan və Azərbaycanın təşkilata verdiyi mandat nə qədər güclüdürsə, digər iştirakçı dövlətlərin dəstəyi də bir o qədər güclü olacaq.
Malta ATƏT-in sədri kimi ikitərəfli münasibətlərin normallaşdırılması istiqamətində nəzərəçarpacaq nəticələr yaradan bütün praqmatik yanaşmaları, xüsusilə də insanların ağrılarını yüngülləşdirməyə və insanlar üçün daha yaxşı gələcək qurmağa yönələn səyləri dəstəkləməyə davam edəcək.
- Azərbaycan və Ermənistan artıq delimitasiya prosesinə başlayıb. Bunu necə qiymətləndirirsiniz?
- Mən dəfələrlə və açıq şəkildə sərhədlərin delimitasiyası ilə bağlı indiyədək əldə edilmiş irəliləyişi alqışlamışam. Bu ümidverici inkişaf ikitərəfli danışıqlar prosesinə müsbət təkan verməlidir. Malta razılaşmanın mənalı və səmərəli icrasını dəstəkləyir, həmçinin sərhədin qalan hissələri ilə əlaqədar prosesin konstruktiv davam etdirilməsini təşviq edir. Ümid edirəm ki, bu proses yaxın həftələrdə və aylarda fəal şəkildə davam etdiriləcək. Bizim ümumi məqsədimiz bəllidir: Ermənistan və Azərbaycan arasında davamlı sülh sazişini təmin etmək.
- Ermənistan rəsmiləri ilə danışıqlarınız zamanı mina xəritələrinə və onların Azərbaycana verilməsinin mümkünlüyü məsələsinə və ya ehtimalına toxunmusunuzmu?
- Biz minalar və bununla əlaqəli təhlükələr məsələsini həll etməyin kritik əhəmiyyətini tam dərk edirik. Bizim üçün münaqişədən təsirlənmiş icmaların problemlərinin həlli ATƏT-in fəaliyyətində əsas elementdir. Bu isə təhlükəsiz mühitin yenidən qurulması üçün potensialın artırılmasının və maarifləndirmənin vacibliyini vurğulayır. Bu kontekstdə qeyd etmək yerinə düşər ki, bir çox ATƏT-ə üzv dövlətlər sözügedən riskləri azaltmaq üçün artıq Azərbaycana ikitərəfli yardım göstərirlər və bundan sonra da göstərəcəklər.
- Bu gün Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlıq gündəliyinin əsas istiqamətləri hansılardır və hazırda ATƏT-in regionumuzda üzləşdiyi çağırışlar nələrdir?
- ATƏT Azərbaycanla uzunmüddətli əməkdaşlığa malikdir və Bakıya təhlükəsizliyin bütün ölçüləri üzrə öhdəliklərini yerinə yetirməkdə dəstək verir. Bizim fəal iştirakımız əlaqə, iqlim dəyişikliyi, təhlükəsizlik və digər sahələrlə bağlı layihələri əhatə edir. Hərtərəfli təhlükəsizlik təşkilatı olaraq biz özümüzü parlament ölçüsü daxil olmaqla müxtəlif sahələrdə Azərbaycan üçün mühüm tərəfdaş hesab edirik. Əməkdaşlıq sahələrini gücləndirməyə yönəlmiş bütün təşəbbüsləri alqışlamağa davam edəcəyik, ölkə və daha geniş mənada region üçün sülh və təhlükəsizlik naminə daha çox işlər görməyə hazırıq.
- Prezident İlham Əliyev bəyan etdi ki, ATƏT-in Minsk Qrupunu və bütün əlaqədar qurumları ləğv etməyin vaxtı çatıb. Minsk qrupu haqqında fikirləriniz nədən ibarətdir?
- ATƏT-in sədri kimi həmişə bütün iştirakçı dövlətlərin baxış bucaqlarını nəzərə almalıyıq. Konsensusa əsaslanan təşkilatın mahiyyəti budur. Bu, həmçinin ATƏT-in Cənubi Qafqazdakı strukturlarına, həmin strukturların mandatlarına, onların nəticə etibarilə bağlanması və ya transformasiyasına da aiddir. Mənim üçün önəmli olan təşkilatımızın xüsusən də ən həssas qruplar üçün yerlərdə nəticə çıxarmaq qabiliyyətidir.
- Az əvvəl iqlim dəyişikliyi məsələləri ilə bağlı layihələrdə fəal iştirakınıza da diqqət çəkdiniz. Son olaraq bilmək istərdik ki, ATƏT Azərbaycanla COP29 çərçivəsində əməkdaşlıq edəcəkmi? Ümumiyyətlə, tərəflər ekologiya və iqlim dəyişikliyi sahəsində necə əməkdaşlıq edə bilərlər?
- Bu sahələrdə Azərbaycanla əməkdaşlıq üçün geniş imkanlar var. ATƏT və Azərbaycan hazırda ekologiya və iqlim dəyişikliyi sahəsində əməkdaşlıq edir. Biz Azərbaycan və Gürcüstan arasında iqlimə davamlılıq üçün meşə yanğınları riskinin azaldılması üzrə sərhədyanı əməkdaşlığı asanlaşdıran iqlim və təhlükəsizlik layihəsində ölkənizin fəal iştirakını alqışlayırıq. Azərbaycanın COP29-a ev sahibliyi etməyə hazırlaşması ilə bu əməkdaşlığı daha da dərinləşdirmək və iqlim dəyişikliyi ilə təhlükəsizlik arasında əlaqəyə dair mənalı müzakirələri inkişaf etdirmək üçün önəmli bir fürsət var. Müzakirələr çox faydalı, bu kritik kəsişmə ilə bağlı ATƏT daxilində davam edən danışıqlara uyğun ola bilər.