Azərbaycan istixanaların müasirləşdirilməsi üçün Niderland şirkətlərinin cəlbində maraqlıdır.
Bunu “Report”a Niderland Krallığının Azərbaycandakı səfirliyinin baş müşaviri Şəhla Balakişiyeva bildirib.
Onun sözlərinə görə, mayda Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı "Caspian Agro" və 29-cu Azərbaycan Beynəlxalq Qida Sənayesi "InterFood Azerbaijan" sərgilərinin açılış mərasimində Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədov “Niderland Pavilyonu” na baş çəkib və burada Niderlandın Azərbaycandakı səfiri Pauline Eizema ilə bu məsələ müzakirə edilib:“Görüşdə nazir deyib ki, Azərbaycan istixanaların müasirləşdirilməsində Niderland şirkətlərinin cəlbində maraqlıdır”.
Ş.Balakişiyeva qeyd edib ki, həmin sərgilərdə 8 Niderland şirkəti iştirak edib: “Bu şirkətlər arasında istixanaların "ağıllı" texnologiyalarla işıqlandırılması üzrə dünya liderlərindən olan “Hortilux” və "Philips Horticulture LED Solutions/Signify" şirkətləri vari idi. "Hortlife B.V” şirkəti isə müasir istixanalar istifadəyə verir".
Ş. Balakişiyeva vurğulayıb ki, kənd təsərrüfatı Niderland tarixi və mədəniyyətində dərin köklərə malikdir: "Niderland kənd təsərrüfatı innovasiyaları və dayanıqlıq təcrübələri ilə bağlı əsrlər boyu davam edən uzunmüddətli ənənəyə malikdir. Niderlandın aqrar sahədə təcrübəsi təsərrüfat texnikası, su idarəetməsi və məhsul becərilməsi sahəsində əhəmiyyətli irəliləyişlərə səbəb olub. Niderland kənd təsərrüfatı məhsullarının ixracı ilə qlobal ərzaq təhlükəsizliyinə və dayanıqlı təsərrüfat təcrübələrinə töhfə verir: “Kənd təsərrüfatında qlobal lider kimi Niderland bilik və təcrübəsini digər ölkələrlə bölüşmək əzmindədir”.