İtaliya Azərbaycana aqrar texnikasının ixracını genişləndirmək istəyir - EKSKLÜZİV

İtaliya Azərbaycana aqrar texnikasının ixracını genişləndirmək istəyir - EKSKLÜZİV İtaliya Azərbaycana müasir kənd təsərrüfatı texnikasının, əsasən də iqlim dəyişikliklərin aqrar sahəyə təsirini azaltmaq üçün istifadə olunan texnikanın ixrac etməyə hazırdır.
ASK
24 May , 2024 19:23
İtaliya Azərbaycana aqrar texnikasının ixracını genişləndirmək istəyir - EKSKLÜZİV

İtaliya Azərbaycana müasir kənd təsərrüfatı texnikasının, əsasən də iqlim dəyişikliklərin aqrar sahəyə təsirini azaltmaq üçün istifadə olunan texnikanın ixrac etməyə hazırdır.

Bunu “Report”a İtaliya Kənd Təsərrüfatı Avadanlıqları İstehsalçıları Assosiasiyasının Baş direktorunun müavini Fabio Riççi deyib.

Onun sözlərinə görə, İtaliyadan 13 şirkət mayın 14-də Bakıda keçirilmiş Azərbaycan-İtaliya Biznes Forumunda iştirak etmək və bu bazarı araşdırmaq üçün gəlib: “Forumun keçirilməsində məqsəd ölkələrarası iqtisadi əlaqələri təşviq etmək idi”.

F.Riççi vurğulayıb ki, İtaliya şirkətləri Azərbaycanda biznes imkanlarını araşdırırlar: "Hesab edirik ki, İtaliya Azərbaycana kənd təsərrüfatı texnikası tədarükündə əsaslı paya sahib ola bilər və bunun üçün imkanlar var.

Azərbaycanda keçirilən sərgilərdə iştirakımızın əsas məqsədi aqrar sahədə istifadə olunan texnikaları görmək idi. Bu, bizə gələcəkdə ölkənin texnikaya olan tələbatını müəyyənləşdirməyə imkan verəcək".

F. Riççi bildirib ki, İtaliya 2023-cü ildə Azərbaycana kənd təsərrüfatı texnikası tədarükündə Türkiyə, Çin, Belarus, Fransa və Almaniyadan sonra altıncı yerdə qərarlaşıb: “Belə ki, Azərbaycanda aqrar məhsulların istehsalında meyvə-tərəvəz istehsalı əsaslı paya malikdir. İtaliya bu kimi məhsulların istehsalı üçün müasir avadanlıqlar, texnologiyalar təklif edir. Bununla yanaşı, biz kiçik və orta mexanizmlərə çox diqqət yetiririk”.

O vurğulayıb ki, hazırda dünyada iqlim dəyişikliklərin mənfi təsirlərini nəzərə alaraq və onların zərərini minimuma endirmək üçün aqrar sahədə "ağıllı" texnikalarının istifadəsi vacibdir: "Əkin sahələrində müasir kənd təsərrüfatı texnikalarından istifadə etməklə məhsuldarlığı artırmaqla yanaşı, torpağı və suyu qorumaq mümkündür. Bu texnologiyaların istifadəsi ilə yanacaq sərfiyyatını azaltmaq olar. Torpaq və su ehtiyatlarını qorumaq iqlim dəyişikliyi ilə bağlı çağırışlara gözəl bir cavab verməkdir. Dünyada suyun 70 %-i aqrar sahədə istifadə edilir. Bunu nəzərə alaraq müasir irriqasiya sistemlərinin istifadəsini genişləndirmək lazımdır".

Qeyd edək ki, Azərbaycanda 119 500 hektar ərazidə müasir suvarma sistemləri quraşdırılıb, 59 min hektar ərazidə isə pivot suvarma sistemləri qurulub.

Bu ilin yanvar-aprel aylarında Azərbaycanla İtaliya arasında ticarət dövriyyəsinin həcmi 3 milyard 42 milyon 408 min ABŞ dolları olub. Bu, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 48,5 % azdır. Azərbaycanın İtaliyaya ixracın həcmi 2 milyard 897 milyon 401 min ABŞ dolları (-49,7 %), İtaliyadan ölkəyə idxalın həcmi isə 145 milyon 70 min ABŞ dolları (+ 3,6 %) təşkil edib.

Son xəbərlər

Orphus sistemi