Şuşada "Xarıbülbül" Beynəlxalq Folklor Festivalı davam edir

Şuşada "Xarıbülbül" Beynəlxalq Folklor Festivalı davam edir Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində keçirilən V "Xarıbülbül" Beynəlxalq Folklor Festivalı davam edir.
Mədəniyyət siyasəti
13 May , 2022 15:40
Şuşada Xarıbülbül Beynəlxalq Folklor Festivalı davam edir

Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində keçirilən V "Xarıbülbül" Beynəlxalq Folklor Festivalı davam edir.

“Report” xəbər verir ki, festivalda 10 xarici ölkədən müxtəlif folklor üslublarında çıxış edən musiqiçilərin, rəqs kollektivlərinin, həmçinin Azərbaycanın müxtəlif regionlarından folklor kollektivləri qatılıb.

Festivalın ikinci günündə ilk çıxışı azərbaycanlı bəstəkar Etibar Əsədlinin qrupu (Azərbaycan/Fransa) edib.

Bəstəkarın ifaları tamaşaçıları tərəfindən alqışlarla qarşılanıb.

Mirzə Ələsgər Növrəslinin nəticəsi Arslan Növrəsli festival təəssüratlarını bölüşüb: "Babamın yurduna gəlmişəm. Bu gün onun ruhu şaddır. Mən özüm ilk dəfədir Şuşada oluram. Burada "Dədə Qorqud" kinofilmindən Emin Sabitoğlunun "Yallı" əsərini və "Blues" muğamını ifa edəcəyik. Festivallar bizim üçün bayramdır. Dünya festivallarına gedirik, bu gün də öz doğma torpağımızdayıq. Festivalın təşkilatçılarına minnətdarlığımı bildirirəm. Xoşbəxtəm ki, doğma Şuşadayam".

Azərbaycanlı pionist və bəstəkar Etibar Əsədli isə bildirib ki, "V "Xarıbülbül" Beynəlxalq Folklor Festivalında iştirak etmək vacib və qürurvericidir: "Bu, Şuşaya ikinci səfərimdir. Birinci dəfə Dünya Azərbaycanlılarının V Qurultayında iştirak etmişəm. Şuşa Qarabağın hər bölgəsi kimi bizim üçün əzizdir. İnanıram ki, biz tezliklə digər bölgələrdə də bu cür festivallar keçirəcəyik".

Xalq artisti Murad Adıgözəlzadə Şuşaya dördüncü dəfə səfər etdiyini qeyd edib: "Amma bu dəfə fərqli olaraq, çıxış etmirəm. Onu deyim ki, hər səfərimdə ayrı-ayrı hisslər keçirmişəm. Çox maraqlıdır ki, keçən ilin bu günü də burada idik və Bülbülün ev muzeyində çay içirdik. Bu təsadüf də ancaq Şuşada ola bilər".

Özbəkistan Xalq Rəqs Ansamlının bədii rəhbəri Ziyada Madriximova illər əvvəl Azərbaycana gəldiyinii bildirib: "O zaman burada köhnə kollektivlə idik. Bu dəfə isə artıq yeni kollektivlə Şuşadayıq. Şuşa bizi valeh etdi, həm də burada dağıdılmış gözəlliyə şahid olduq. Biz müharibəni də davamlı izləyirdik, qalibiyyətinizə sevindik. Bu gün isə burada olmaq ayrıca xoşbəxtlikdir".

Xatırladaq ki, festival çərçivəsində həmçinin bir sıra şəxslər, qruplar, ansambılar -TRIGAIDA (Bolqarıstan), "Cəngi" Estrada Folklor Ansamblı (Azərbaycan), Əməkdar artist Qoçaq Əsgərov (xanəndə) və Arslan Növrəslinin (tar) etno-caz qrupu (Azərbaycan), "Colors of Pakistan" (Pakistan), "Baxor" Dövlət Ansamblı (Özbəkistan) çıxış edəcəklər.

Qeyd edək ki, festival sabah başa çatır.

Son xəbərlər

Orphus sistemi