Bakıda "Şuşa. Zirvədən uca" və "Şuşa. Qarabağın ulduzu" adlı kitablarının təqdimat mərasimi keçirilib.
"Report" xəbər verir ki, tədbirdə mədəniyyət naziri Anar Kərimov, AMEA-nın prezidenti İsa Həbibbəyli, Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli və ictimaiyyət nümayəndələri iştirak edib.
Nazir çıxışında bildirib ki, kitabların "Şuşa ili" çərçivəsində çıxmasının rəmzi mənası var:
"Şuşanın xalqımız üçün hansı anlama gəldiyi hamımıza məlumdur. Şuşanın Azərbaycan mədəniyyətinin və kimliyinin formalaşmasında xüsusi rolu olub. Oranın hər bir küçəsi, evi tarixdir. Azərbaycan-ingilis və Azərbaycan-rus dillərində hazırlanan kitablarda Şuşa şəhərinin qədim tarixi, mədəni həyatı, maddi-mədəni abidələri, işğal dövründə məruz qaldığı dağıntılar və azadlığa qovuşması zəngin mətn və fotofaktlar yer alıb".
Daha sonra nazir “İrs” və “Azerbaijan Airlines” jurnallarının baş redaktoru Musa Mərcanlını "Şuşa-270" döş nişanı ilə təltif edib.
İ.Həbibbəyli qeyd edib ki, kitab özünün məzmunu və əhatə etdiyi materiallarla birgə əhəmiyyətlidir:
"Kitablar Şuşanın pasportudur. Kitablar ədəbiyyat baxımından da qiymətlidir. İkinci kitabda Azərbaycan rəssamların nadir rəsm əsərlərinə yer verilib. Çoxlu sayda arxiv məlumatları və fotolardan istifadə olunub. Kitabları həmçinin Şuşanın rəngli ensklopediyası da adlandırmaq olar".
Sonda tədbir bədii hissə ilə davam edib.