"Şuşa ili" ilə bağlı tədbirlər planının detalları açıqlanıb.
"Report" xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi Media və kommunikasiya şöbəsinin müdiri Məryəm Qafarzadə məlumat verib.
O bildirib ki, dövlət başçısının 2022-ci ilin Azərbaycanda “Şuşa İli” elan edilməsi ilə bağlı müvafiq Sərəncamının icrası ilə əlaqədar Nazirlər Kabineti tərəfindən Tədbirlər planı hazırlanaraq təsdiq olunub: "Sənədə əsasən, il ərzində ölkəmizdə, eləcə də Azərbaycanın mədəniyyət paytaxtı Şuşada silsilə tədbirlərin təşkili nəzərdə tutulur. Bu tədbirlərin, demək olar ki, əksəriyyətinin icrası Mədəniyyət Nazirliyinə həvalə edilib. Tədbirlər planı beş bölmədən ibarətdir: mədəni-kütləvi və idman tədbirləri; elmi nəşrlərin, audiovizual və çap materiallarının hazırlanması; “Şuşa İli”nin beynəlxalq səviyyədə təbliği ilə əlaqədar tədbirlər; tarixi-mədəni abidələrin bərpası, ekologiya və turizm üzrə tədbirlər; “Şuşa İli” ilə əlaqədar xatirə materiallarının və internet resurslarının hazırlanması".
Şöbə müdiri qeyd edib ki, il ərzində 35 bənd üzrə tədbirlərin keçirilməsi nəzərdə tutulur: "Ümumilikdə il ərzində 35 bənd üzrə tədbirlərin keçirilməsi planlaşdırılır. Tədbirlər Azərbaycan Respublikasının Mədəniyyət, Təhsil, Xarici İşlər, Gənclər və İdman, Rəqəmsal İnkişaf və Nəqliyyat nazirlikləri, Diasporla İş üzrə Dövlət Komitəsi, Dövlət Turizm Agentliyi və digər dövlət orqanları, Heydər Əliyev Fondu, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi, Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Yazıçılar Birliyi, “Azərbaycan Televiziya və Radio Verilişləri” ASC və başqa qurumların təşkilatçılığı və iştirakı ilə həyata keçiriləcək".
Məryəm Qafarzadə vurğulayıb ki, bu ilin əvvəlindən nazirlik tərəfindən 270 yaşlı şəhərimizin zəngin mədəni irsini tanıtmaq məqsədilə “Şuşa mədəniyyətinin inciləri” adlı layihə həyata keçirilir: "Əsas məqsəd Şuşa şəhərinin zəngin mədəni mirasının daha geniş təbliğatına töhfə verməkdir. Layihə “Şuşanın memarlıq salnaməsi”, “Azərbaycan musiqisinin məbədi – Şuşa”, “Muğam ocağı – Şuşa”, “Qarabağ xalçaçılıq məktəbi – Şuşa”, “Şuşanın ədəbi həyatı”, “Şuşanın simaları”, “Şuşa milli geyim üslubu” olmaqla yeddi istiqaməti əhatə edir”.