Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının elan etdiyi “Azərbaycanfilm-100” ssenari müsabiqəsi yekunlaşıb və qaliblər məlum olub.
"Report" xəbər verir ki, müsabiqənin qalibi Mirsadıq Ağazadənin "Supəri" ssenarisi olub.
İkinci yerin qalibi Türkan Hüseyn - "Axırıncı palata", üçüncü yer isə Nicat Dadaşov - "Zirzəmi" ssenarisi olub.
Qeyd edək ki, müsabiqədə ümumilikdə 53 ssenari iştirak edib.
Xatırladaq ki, "Supəri" ssenarisi 1993-cü il mart ayının 31-dən may ayının 23-dək Laçın və Kəlbəcər rayonları ərazisində erməni mühasirəsində qalan azərbaycanlıların həyatından bəhs edir.
Belə ki, həmin tarixdə 19 nəfər - Əli Əliyev, Arif Zülfüqarov, Təvəkkül İbrahimov, qardaşı Muxtar İbrahimov, Əşrəf İlyasov, Şakir İsgəndərov, Bahadır Rzayev, onun qızı Sərmayə Rzayeva (Nübar) və oğlu Sahib Rzayev, Adıgözəl Həmzəyev, Adil Verdiyev, Şakir İsmayılov, Valeh Abdullayev, Ağamalı Mərdanov, Saleh Qasımov, Valeri Nemaşkalov, Vyaçeslav Şirəliyev, Mişa Doşevskiy, Saşa Ovçinnikov mühasirədə qalıblar.
Ə.Əliyev həmin əzablı günlərdə baş verən hadisələr barədə “54 gün erməni mühasirəsində” adlı kitab yazıb. Onun kitabı əsasında isə 2012-ci ildə “54 gün mühasirədə” adlı sənədli film çəkilib. Həmin ekran əsərinin müəllifi tanınmış jurnalist Vəsilə Vahidqızı, rejissoru isə Mirsadıq Ağazadədir.
Ə.Əliyev 2017-ci ilin iyul ayının 2-də vəfat edib.