Pakistanda “Xarıbülbül əfsanəsi” sənədli filmi nümayiş olunub.
Bu barədə "Report"a Azərbaycanın Pakistandakı səfirliyindən məlumat verilib.
Pakistanın Milli Müasir Dillər Universitetində keçirilən tədbirdə Türk Dövlətləri Təşkilatına üzv ölkələrin səfirləri və səfirlik əməkdaşları, universitet rəhbərliyi, eləcə də tələbələr iştirak ediblər.
Filmin nümayişindən öncə səfir Xəzər Fərhadov çıxış edərək qədim Şuşa barədə söhbət açıb və bu şəhərin Azərbaycanın tarixi-mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri olduğunu vurğulayıb.
Səfir Şuşanın "Azərbaycan musiqisinin beşiyi" olduğunu qeyd edib və 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” və 2024-cü il üçün “İslam dünyasının paytaxtı” elan edildiyini diqqətə çatdırıb.
X.Fərhadov çıxışı əsnasında “Xarıbülbül” gülündən danışaraq, həmin gülün Qarabağ ərazisində, xüsusilə Şuşa ətrafında bitdiyini ifadə edib və Qarabağın işğaldan azad edilməsi ilə “Xarıbülbül”ün azadlıq və zəfər rəmzinə çevrildiyini diqqətə çatdırıb.
Daha sonra “Xarıbülbül əfsanəsi” sənədli filmi tamaşaçıların diqqətinə təqdim olunub.
Filmin nümayişindən sonra qonaqlar Milli Müasir Dillər Universitetində (NUML) fəaliyyət göstərən Azərbaycan Dili və Mədəniyyət Mərkəzi ilə tanış olublar və NUML-da Azərbaycanla bağlı keçirilən tədbirlərin təşkilində Mərkəzin yaxından iştirakı yüksək qiymətləndirilib.
Qeyd edək ki, ekran işi Azərbaycanın İsveçdəki səfirliyinin təşəbbüsü, UNESCO üzrə Azərbaycan Milli Komissiyasının və Mədəniyyət Nazirliyinin dəstəyi ilə lentə alınıb.