Nazir müavini “Çıraqqala” tarixi qoruğunun fəaliyyəti ilə yaxından tanış olub

Nazir müavini “Çıraqqala” tarixi qoruğunun fəaliyyəti ilə yaxından tanış olub Vaqif Əliyev Çıraqqala abidəsinin bərpası və qoruq üçün inşa ediləcək inzibati binanın layihələrinə baxıb
Mədəniyyət siyasəti
10 Avqust , 2016 14:32
Nazir müavini “Çıraqqala” tarixi qoruğunun fəaliyyəti ilə yaxından tanış olub

Bakı. 10 avqust. REPORT.AZ/ Mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev Şabran rayonunda yerləşən “Çıraqqala” tarixi qoruğunuun fəaliyyəti ilə yaxından tanış olub.

Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən “Report”a verilən məlumata görə, “Çıraqqala”nı ziyarət edən nazir müavini qoruğun əməkdaşları ilə görüşüb, onların iş şəraiti ilə maraqlanıb, öz tövsiyələrini verib.

Daha sonra Vaqif Əliyev ərazidə olan abidələrə - ilk öncə dəniz səviyyəsindən 1 232 metr hündürlükdə yerləşən “Çıraqqala”ya baxış keçirib.

Nazir müavini Çıraqqala abidəsinin bərpası və qoruq üçün inşa ediləcək inzibati binanın layihələrinə baxıb və təkliflər verib.

Çıraqqala - Gilgilçay müdafiə divarının ən yüksək nöqtəsi olaraq IV-VI əsrlərdə Böyük İpək Yolunun qorunması məqsədilə tikilib. Hündürlüyü təxminən 100-120 metr olan sıldırım qayanın üzərində ucalan baş qüllədən bir tərəfi Dəmirqapı Dərbənd bir tərəfi Beşbarmaq səddinəcən dəniz sahili boyu 100 kilometrlərlə ərazini nəzarətdə saxlamaq mümkün olub. Çıraqqala 17 bürcdən ibarətdir. Qala əsasən yerli daşlardan və bişmiş kərpicdən inşa edilib. Divarların hündürlüyü təxminən 8-10 metr, qalınlığı isə 3-4 metrdir. Qalanın özünəməxsus zindan həbsxanası və özündən 182-200 metr aralı ərzaq saxlamaq üçün buzxana anbarı qalmaqdadır.

Qeyd edək ki, dünya əhəmiyyətli memarlıq abidəsi kimi dövlət qeydiyyatına götürülən Çıraqqala və Gilgilçay səddinin tarixi əhəmiyyətini nəzərə alaraq qorunması və gələcək nəsillərə çatdırılması məqsədilə “Çıraqqala” tarixi qoruğu 2003-cü ildə ümummilli lider Heydər Əliyevin şəxsi təşəbbüsü ilə yaradılıb.

Son xəbərlər

Orphus sistemi