Moskvada Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illiyinə həsr olunmuş xatirə gecəsi təşkil olunub.
“Report” xəbər verir ki, tədbir Azərbaycanın Rusiyadakı səfirliyi və Heydər Əliyev Fondunun nümayəndəliyi tərəfindən düzənlənib.
Tədbirdə Azərbaycan Milli Məclisinin deputatları, Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin və Rusiya XİN-in əməkdaşları, Dövlət Dumasının və Federasiya Şurasının üzvləri, diplomatik nümayəndəliklərin rəhbərləri, yüksəkranqlı diplomatlar, Rusiyanın tanınmış ictimai xadimləri, Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin əməkdaşları, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının fəalları və Azərbaycan diasporunun görkəmli nümayəndələri iştirak ediblər.
Tədbir çərçivəsində qonaqlara Heydər Əliyev Fondunun təşkilatçılığı ilə mərhum siyasətçinin həyat və fəaliyyətinin əsas məqamlarını əks etdirən fotosərgi təqdim olunub.
TASS informasiya agentliyinin baş direktorunun birinci müavini, Rusiya Federasiyasının əməkdar Jurnalisti Mixail Qusmanın müəllifi olduğu “Liderin ürəyi” sənədli filmi də nümayiş olunub.