Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə 10 Mart - Milli Teatr Günü münasibəti ilə “Hər yerdə teatr” adlı fləşmob keçirilib.
"Report" xəbər verir ki, layihə çərçivəsində insanların sıx toplaşdığı məkanlarda – “İçərişəhər” metrostansiyasında teatrların iştirakı ilə tədbir təşkil olunub.
Layihənin əsas tərəfdaşları isə Azərbaycan Dövlət Akademik Musiqili Teatrı, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Gənclik Mall və Bakı Metropoliteni QSC-dir.
“İçərişəhər” metrostansiyasının vestibülündə, “Sahil”dən “Gənclik” stansiyasına doğru hərəkət edən vaqonun içində nümayiş olunan səhnəciklər şəhər sakinləri üçün əsl teatr bayramı yaşadıb.
Tədbirdə Akademik Musiqili Teatrın “Paris Notr-Dama ithaf” və “Arşın mal alan” tamaşalarından parçalar nümayiş olunub, həmçinin ADMİU-nun 2-ci kurs tələbələrinin ifasında səhnəcik göstərilib.
Foto/Video: Vüqar Xanlarov