İsmayıllı şəhər mərkəzi parkına Azərbaycan şairi Xurşidbanu Natəvanın adının verilməsi təklif olunur.
“Report” xəbər verir ki, bu barədə İsmayıllı Rayon İcra Hakimiyyəti başçısı yanında daimi məşvərətçi orqan olan Şura İsmayıllı şəhəri ilə Evian-Le Ba şəhəri arasında imzalanmış Dostluq və Əməkdaşlıq Xartiyasının qüvvədən düşməsi ilə bağlı bəyanatda qeyd edilib.
Bildirilib ki, bu, dekabrın 18-də Evian Şəhər Bələdiyyə Şurasının iclasında Azərbaycana qarşı əsassız ittihamlar səsləndirilməsinə, Ermənistana dəstək ifadə olunmasına, həmçinin şəhər merinin “Azərbaycan Bağı” qeyd edilən yazıların hamısının silindiyini elan etməsinə cavabdır.
Qeyd edək ki, 2017-ci ildə Evian şəhərində “Azərbaycan bağı”nın və parkda “Dostluq” bulağının, eləcə də görkəmli Azərbaycan şairi Xurşidbanu Natəvanın heykəlinin açılış mərasimi keçirilib.
Xatırladaq ki, 2015-ci ilin may ayında İsmayıllıda Azərbaycan Respublikasının İsmayıllı şəhəri və Fransa Respublikasının Evian-Le Ba şəhəri arasında Dostluq və Əməkdaşlıq Xartiyası imzalanıb.
İsmayıllı Rayon İcra Hakimiyyəti başçısı yanında daimi məşvərətçi orqan olan Şura dekabrın 28-də İsmayıllı şəhəri ilə Evian-Le Ba şəhəri arasında imzalanmış Dostluq və Əməkdaşlıq Xartiyasının qüvvədən düşməsi ilə bağlı bəyanat yayıb.