İki yüz il əvvəlki köç və itməyən iz - Göygöldə alman irsi muzeyi - FOTOREPORTAJ

İki yüz il əvvəlki köç və itməyən iz - Göygöldə alman irsi muzeyi - FOTOREPORTAJ 1819-cu ildə Almaniyanın Virtemberq knyazlığından Azərbaycana köçən və hazırkı Göygöl rayonu ərazisində Yelenendorf koloniyası salaraq burada məskunlaşan almanların ölkəmizdə yaşayan sonuncu nümayəndəsi Viktor Klaynə məxsus ev bundan sonra muzey kimi fəal
Mədəniyyət siyasəti
13 Aprel , 2023 11:59
İki yüz il əvvəlki köç və itməyən iz - Göygöldə alman irsi muzeyi - FOTOREPORTAJ

1818-ci ildə Almaniyanın Vütenberq knyazlığından mühacir kimi Azərbaycana köçən və 1819-cu ildə hazırkı Göygöl rayonu ərazisində Yelenendorf koloniyası salaraq burada məskunlaşan almanların ölkəmizdə yaşayan sonuncu nümayəndəsi Viktor Klaynə məxsus ev bundan sonra muzey kimi fəaliyyət göstərəcək.

"Report"un Qərb bürosunun məlumatına görə, evin muzeyə çevrilməsi üçün aparılan təmir-bərpa işləri artıq tamamlanıb.

Muzeyin yaxın vaxtlarda açılması gözlənilir. Burada Azərbaycandakı alman irsini əks etdirən eksponatlar sərgilənəcək.

Qeyd edək ki, həmin ev V.Klaynə ana babasından miras qalıb və o, ömrünün sonuna qədər orda yaşayıb.

Muzeyə çevrilən evin maraqlı tarixçəsi var. İkinci Dünya müharibəsi zamanı almanların sürgün edildiyi dövrdə V.Klaynin 6 yaşı olub. Onun atası polşalı olduğu üçün ailəyə toxunmayıblar və Azərbaycanda qalıb.

Atası həkim, anası evdar qadın olan V.Klayngil Göygöldə qalan tək alman ailəsi olub.

Atası dünyasını dəyişdikdən sonra o, anası ilə birgə bu evdə öz həyatlarını sürdürüblər. 1935-ci ildə Yelenendorfda anadan olan V.Klayn rayonda radiotexnik işləyib və heç bir zaman ailə qurmayıb.

Sovetlər birliyi dağıldıqdan sonra Almaniya hökuməti ailəyə Almaniyaya köçməyi təklif edib. Anası bununla razılaşsa da, V.Klayn Azərbaycandan getməyə razı olmayıb.

Onun anası 1995-ci ildə dünyasını dəyişib. Anasının ölümündən sonra həyatdan küsən Viktor 12 il burada tənha ömür sürüb.

O, 2007-ci ildə vəfat edib və Göygöldə olan alman qəbiristanlığında dəfn olunub.

V.Klayn alman irsini təbliğ etmək məqsədilə ölümündən əvvəl evini içərisindəki əşyalarla birgə Almaniyanın Azərbaycandakı səfirliyinə bağışlayıb. Ona məxsus bütün əşyalar hazırda evdə qorunub saxlanılır.

Almaniya səfirliyi isə evi Azərbaycan Mədəniyyət Nazirliyinin balansına verib. Nazirlik V.Klaynın mənzilində muzey yaradılmasını təsdiqləyib və muzey statusu verilib.

Son xəbərlər

Orphus sistemi