Fransada Azərbaycanın əməkdar artistinin adını daşıyan beynəlxalq müsabiqə keçiriləcək

Fransada Azərbaycanın əməkdar artistinin adını daşıyan beynəlxalq müsabiqə keçiriləcək Müsabiqənin final konsertlərindən biri BMT-nin Cenevredəki ofisində keçiriləcək
Mədəniyyət siyasəti
10 Yanvar , 2017 16:47
Fransada Azərbaycanın əməkdar artistinin adını daşıyan beynəlxalq müsabiqə keçiriləcək

Bakı. 10 yanvar. REPORT.AZ/ Fransada soydaşımızın adını daşıyan beynəlxalq müsabiqə keçiriləcək. 

Bu barədə "Report"a Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) mətbuat xidmətindən məlumat verilib. 

Bildirilib ki, 2017-ci mayın 15-dən 19-dək Fransa və İsveçrədə azərbaycanlı Adilə Əliyevanın adını daşıyan Pianoçuların 11-ci Beynəlxalq Festivalı keçiriləcək. Festivalın final konsertlərindən biri mayın 18-də Birləşmiş Millətlər Təşkilatının (BMT) İsveçrənin Cenevrə şəhərində yerləşən ofisində baş tutacaq.

Heydər Əliyev Fondu ilə əməkdaşlıq çərçivəsində təşkil edilən müsabiqəyə Azərbaycanın Fransa və İsveçrədəki Səfirliyi, ölkəmizin BMT-nin Cenevrə ofisindəki nümayəndəliyi, Fransadakı Azərbaycanın Dostları Assosiasiyası, Fransanın Mədəniyyət Nazirliyi və digər qurumlar dəstək göstərir.

İyirmi bir ildir Fransa və İsveçrədə keçirilən Adilə Əliyeva adına Pianoçuların Beynəlxalq Festivalı Avropada Azərbaycan mədəniyyətini təbliğ etməklə yanaşı, gənc musiqiçilərə təhsil imkanları yaradır. Belə ki, nüfuzlu musiqi yarışının qalibləri Doyçe qrammafon, Soni, Fransa radiosu, Nyu York Filarmoniyası, Karneqi Holl, Nyu Yorkun Linkoln Mərkəzi kimi təşkilatlardan təhsil təqaüdü qazanıblar. Onların arasında azərbaycanlı gənc musiqiçilər də olub.

Qeyd edək ki, 25 ildir Fransada yaşayan Azərbaycanın əməkdar artisti A.Əliyeva Fransa Ali Beynəlxalq Musiqi Akademiyasının direktorudur. Pianoçu 50- dən çox ölkənin konsert salonlarında çıxış edib, 30-dan çox kompakt-disk ərsəyə gətirib.

Son xəbərlər

Orphus sistemi