"Bu il bütövlükdə bayram ilidir, Beynəlxalq TÜRKSOY Teatr Festivalının Azərbaycanda keçirilməsi isə çox sevindiricidir. TÜRKSOY Mədəniyyət Nazirliyi ilə birgə bu festivalın ölkəmizdə keçirilməsinə çox böyük önəm verib. Bu baxımdan biz təşkilatın rəhbərliyinə minnətdarlığımızı bildiririk".
"Report"un Şuşaya ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru İsrafil İsrafilov Şuşada keçirilən TÜRKSOY-a üzv ölkələrin Dövlət Teatrları Rəhbərləri Şurasının 9-cu iclasından əvvəl jurnalistlərə açıqlamasında deyib.
"Biz bu gün türkdilli ölkələrdə olan teatr və yaradıcılıq, təşkilati, kadr, repertuar problemini, maliyyə təsərrüfatı məsələlərini müzakirə edirik. Mən bir məqamı demək istəyirəm ki, bizim ölkələrdə bir-birinin ədəbiyyatını, dramaturgiyasını az tanıyırlar, əsər, pyes mübadiləsi yoxdur. Bizim rejissorların az bir qismi söylədiyim ölkələrdə səhnəyə çıxarılır.
Nə gizlədim biz də TÜRKSOY-lu ölkələrin dramaturji əsərlərini səhnəyə gətirmirik. Burada rejissorların, səhnə ustadlarının ayrı-ayrı müəlliflərin, hətta bəstəkarın belə əsərlərini bir-birimizin səhnələrinə çıxarmırıq. Bu əlbəttə ki, çox böyük bir boşluqdur. Biz indiki halda çox böyük bir türk birliyindən və əməkdaşlıq məsələlərindən danışırıq və bu boşluğu çox yaxın zamanda aradan qaldırmağı düşünürük", - o bildirib.