"CinemaPlus” kinoteatrı Dubayda keçirilən və dünyanın çoxlu sayda ölkəsinin iştirak etdiyi VI “META Cinema Forum”da Azərbaycanı təmsil edib.
Bu barədə "Report"a kinoteatrdan bildirilib.
Qeyd olunub ki, forumda Hollivud və Avropa kinostudiyalarının ən yaxşı qapalı nümayişləri, son texnologiya və innovasiyaları təqdim olunub.
“META Cinema Forum” dünyada ən böyük kinokonvensiya hesab olunur. Tədbir çoxlu sayda regionları, layihələri, tərəfdaşları əhatə edərək Yaxın Şərq, Afrika, Asiya və MDB ölkələrindən, eləcə də dünyanın hər yerindən studiyaların nümayəndələrinin iştirak etdiyi kino sənayəsi üçün ən mühüm regional foruma çevrilib.
Azərbaycandan “META Cinema Forum”da “CinemaPlus” kinoteatrlar şəbəkəsinin direktoru Murat Camçı və “CinemaPlus” kinoteatrlar şəbəkəsinin Müşahidə Şurasının sədri Zaur Darabzadə iştirak ediblər. Onlar dünyada öndə gedən film studiyaları ilə növbəti mövsümdə nümayiş olunacaq filmlər üçün müqavilələr imzalayıblar. Həmin şirkətlər arasında "Universal Pictures", "Sony Pictures", "The Walt Disney Company", "Paramount Pictures" və "Warner Bros." studiyaları yer alıblar. Bundan başqa, nümayəndələr kinoteatrlar üçün nəzərdə tutulmuş ən son texnologiyalarla tanış olublar və onları təqdim edən şirkətlərin rəhbərləri ilə görüşlər keçirilib.
“CinemaPlus” öz tamaşaçılarına ən yaxşısını təqdim etmək üçün yeniliklərə davam edərək bütün dünyada premyerası baş tutmuş filmləri eyni gündə Azərbaycanda olan kinosevərlərə də nümayiş edir.