Bahar Muradova: "Qızların təhsilinə dəstək" layihəsi 730 şagirdi əhatə edib

Mədəniyyət siyasəti
  • 28 oktyabr, 2026
  • 10:45
Bahar Muradova: Qızların təhsilinə dəstək layihəsi 730 şagirdi əhatə edib

Azərbaycanda beş il ərzində "Qızların təhsilinə dəstək" layihəsi çərçivəsində müxtəlif proqram istiqamətləri üzrə 730 qıza yardım göstərilib.

"Report" xəbər verir ki, bunu Azərbaycanın Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Bakıda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində bildirib.

Onun sözlərinə görə, Hənifə Məlikova-Zərdabi adına təqaüd proqramı çərçivəsində 317 tələbə qıza dəstək göstərilib. Bundan başqa, 30-dan çox universiteti təmsil edən məzun qızlar şəbəkəsi yaradılıb.

B.Muradova qeyd edib ki, 2021-ci ildə başlanmış layihə qızların təhsil imkanlarının genişləndirilməsinə yönəlib və dayanıqlı inkişafa dəstək verən vacib alətlərdən biridir.

"Biz qızlar üçün təhsil imkanlarının genişləndirilməsini dayanıqlı inkişafın əsas şərtlərindən biri kimi nəzərdən keçiririk", - o vurğulayıb.

Onun sözlərinə görə, bu gün qızların keyfiyyətli təhsilə çıxışını təmin etmək, onların elmə, texnologiyalara və rəqəmsal istiqamətlərə marağını inkişaf etdirmək, eləcə də onları qərarların qəbul edilməsində iştiraka hazırlamaq xüsusilə vacibdir.

O əlavə edib ki, bu məqsədlərə çatmaq üçün ailələrin, təhsil müəssisələrinin, dövlət orqanlarının, özəl sektorun və vətəndaş cəmiyyətinin əməkdaşlığı zəruridir.

Komitə sədri qadınların iqtisadi imkanlarının genişləndirilməsinin, onların əmək bazarında iştirakının, peşə hazırlığının və sahibkarlığa çıxışının vacibliyini vurğulayıb.

Beynəlxalq əməkdaşlığa toxunan komitə sədri Prezident İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən və qlobal miqyasda mədəniyyətlərarası dialoqun təşviqinə yönəlmiş "Bakı Prosesi"nin əhəmiyyətini qeyd edib.