Bakı. 8 iyun. REPORT.AZ/ VIII Qafqaz Caz Festivalı iyunun 17-19-da Tbilisidə keçiriləcək.
"Report" "Qruziya-Online" portalına istinadən xəbər verir ki, festivalda Azərbaycan, Türkiyə, Gürcüstan və Ermənistandan musiqiçilər iştirak edəcək.
İyunun 14-də gənc caz ifaçıları üçün master-klaslar keçiriləcək. Dərsləri məşhur musiqiçilər və pedaqoqlar, o cümlədən azərbaycanlı pianoçu, bəstəkar, aranjimançı Salman Qəmbərov aparacaq. Ustad dərsləri ənənəvi olaraq Tbilisi Dövlət Konservatoriyasında keçiriləcək.
İyunun 17-də Hərəkət Teatrında Qafqazın caz qruplarının iştirakı ilə konsert baş tutacaq.
İyunun 19-da elə həmin teatrda "Jazz Up The Borders" şüarı altında və bütün iştirakçı ölkələrin musiqiçilərinin iştirakı ilə yekun caz-seyşen baş tutacaq. Burada həm festivalın xüsusi qonaqları, həm də master-klasların iştirakçıları eyni səhnəni bölüşəcək.