Gənclər və İdman Nazirliyinin dəstəyi ilə ABŞ-ın Nyu-York şəhərində keçirilən "American International Vocal Competition of Opera Singers 2023" beynəlxalq opera ifaçılarının vokal müsabiqəsində iştirak edən gənc opera ifaçısı Urfan Cəfərov 67 ölkə arasında qızıl medal qazanaraq 1-ci yer tutub.
Nazirlikdən "Report"a verilən məlumata görə, o, müsabiqənin qalibi kimi solo konserti üçün prestijli sertifikat alaraq, dünyanın ən məşhur konsert salonlarından biri olan Carnegie Hall-da Azərbaycanı ilk dəfə təmsil etmiş və solo ifa edən ilk azərbaycanlı gənc ifaçı olub.
Qeyd edək ki, Cəfərov "Carnegie Hall"da keçirilmiş nüfuzlu vokalçıların müsabiqəsinin final mərhələsinə birbaşa vəsiqə əldə edərək qalib adını qazanıb.
Bu müsabiqə gənc ifaçıların dünya şöhrətli səhnədə solo konsertini təmin edən yeganə platformadır.
Cəfərov daha əvvəl respublika və beynəlxalq müsabiqələr laureatı, opera ifaçılarının Avropa Çempionu və Gənclər Mükafatçısı, Azərbaycan Milli İnciləri Mükafatçısı, Qızıl Səs mükafatı laureatı (İngiltərə-London) mükafatlarına layiq görülüb.