Azərbaycan Parisdə Azərbaycanın Dostları Assosiasiyasının dəstəyi ilə “Business Art Fair” Müasir İncəsənət Sərgisində təmsil olunub.
“Report”un yerli bürosu xəbər verir ki, Parisin San Jermen de Pre (Saint Germain des Prés) rayonunda Nesle mərkəzində keçirilən sərgidə ölkəmizi Fransada yaşayan azərbaycanlı rəssam Mehri Quliyeva təmsil edib.
Onun müxtəlif janrlarda yaratdığı tablolar qonaqların böyük rəğbətini qazanıb. “Business Art Fair” artıq 14 ildir təşkil olunur və 100-ə qədər rəssamın iştirak etdiyi bu sərgi incəsənət, iş dünyası və geniş ictimaiyyət arasında mübadilə platformasıdır.
Fransada müxtəlif rəsm müsabiqələrində iştirak edən azərbaycanlı rəssam Mehri Quliyeva 2017-ci ildə Xocalı faciəsinə həsr olunmuş müsabiqənin qalibi olub.
Mehri, həmçinin UNESCO tərəfindən müdafiə olunan, davamlı inkişafın və sülhün təşviqində mədəniyyətin rolunun gücləndirilməsi kimi dəyərləri dəstəkləyən sənətçilərdəndir.
Rəssam UNESCO-nun sülh naminə təşkil etdiyi tədbirlərində Azərbaycanı təmsil edir.