Amerikalı aktyor, prodüsser və kinorejissor Kevin Kostner şahzadə Diananin az qala "Mühafizəçi-2" filmində çəkiləcəyi barədə maraqlı açıqlama verib.
Bu barədə "Report" "People" saytına istinadən xəbər verir.
Kostnerin sözlərinə görə, şahzadə Diana filmin ssenarisinin yazılmasına razılıq verib. Rejissor bildirib ki, növbəti filmdə şahzadə özü baş rolu oynamalı idi. "Xatırlayıram ki, o, mənimlə telefonda çox mehriban danışırdı. Suallar verirdi, məsələn: "filmdə bizim öpüş səhnəmiz olacaq?". Bu halda o çox təmkinli və bir az həyəcanlı idi. Axı onun həyatı bütün vaxt ərzində nəzarət altında idi", - deyə Kevin Kostner xatırlayıb.
Rejissor flmin süjetindən də danışıb. Onun sözlərinə görə, filmin baş qəhrəmanı Kostner şahzadəni zəhlə tökən pərəstişkarlardan və paparasilərdən qoruyur. Amma onların münasibətləri tədricən romantik münasibətə çevrilir.
Kostner qeyd edib ki, filmin ssenarisinin yazılması 1997-ci ilin avqustunda - şahzadə Diananın Parisdə avtomobil qəzasında həlak olmasından bir gün əvvəl bitmişdi.
Daha əvvəl Böyük Britaniya şahzadəsi Diananın zirehli "Rolls-Royce" limuzini, onun ABŞ-a səfər zamanı istifadə etdiyi avtomobili hərraca çıxarılıb.