Bakı. 11 dekabr. REPORT.AZ/ “Bir çox insanların Marsa uçmaq arzusu var. Ola bilsin ki, onlar Marsa gedə biləcəklər, amma geri qayıtmağa ömürləri çatmayacaq”.
“Report” xəbər verir ki, bunu jurnalistlər üçün keçirilən "dəyirmi masa"da NASA astronavtı, “Space Shuttle” ekipajının üzvü və Donanma kapitanı xanım Haydi Payper (Heide Piper) deyib.
O həmçinin bildirib ki, gələn il 55 yaşını qeyd edəcək: “Fevralın 7-də 55 illik yubileyimi qeyd edəcəm. Amma həmin vaxt kosmosda olmayacağam. Həyat yoldaşım məni Haitiyə aparacaq”.
Astronavt kosmosda başına gələn hadisə haqqında da danışıb:
“Açıq kosmosa çıxanda böyük qutumuz olur. Onun içinə qarmaqlar vasitəsilə kiçik qutular yerləşdiririk. Bir dəfə həmin qutulardn biri bərkidilmədiyi üçün açıq kosmosa uçdu. Həmin an düşündüm ki, özüm də qutunun arxasınca tullanım və bəlkə ona çatdım. Amma sonra qərarımı dəyişdim. Düşündüm ki, bununla işi daha da qəlizləşdirə bilərəm”.
H.Payper həmin vaxt onu məyus edən hadisəni sonra ətrafındakı insanların zarafatla qarşıladığını söyləyib.