Manatla əmanətlərin stimullaşdırılması: Kimə sərf edir, kimə yox?

Manatla əmanətlərin stimullaşdırılması: Kimə sərf edir, kimə yox? Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADIF) Himayəçilik Şurası, Maliyyə Sabitliyi Şurasının tövsiyəsi əsasında, Azərbaycan Mərkəzi Bankı ilə razılaşdırılmaqla 2020-ci il iyunun 1-dən milli valyutada olan qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddinin 10%-dən 12%-ə qaldırılması barədə qərar qəbul edib. Xarici valyutada olan qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi isə əvvəlki qaydada 2,5% təşkil edir.
Maliyyə
18 May , 2020 12:01

Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADIF) Himayəçilik Şurası, Maliyyə Sabitliyi Şurasının tövsiyəsi əsasında, Azərbaycan Mərkəzi Bankı ilə razılaşdırılmaqla 2020-ci il iyunun 1-dən milli valyutada olan qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddinin 10%-dən 12%-ə qaldırılması barədə qərar qəbul edib. Xarici valyutada olan qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi isə əvvəlki qaydada 2,5% təşkil edir.

İqtisadçı-ekspert Pərviz Heydərov “Report”a verdiyi açıqlamada bu qərarın ölkə iqtisadiyyatı üçün hansı təsirlərinin olacağını şərh edib:

                    Əmanətlərin sığortalanması faizinin artırılması banklar üçün əhəmiyyətli bir hadisədir

“İstənilən halda əmanətlərin stimullaşdırılması tədbirləri banklar üçün əhəmiyyətli bir hadisədir. Bankların əsas vəzifəsi sərbəst pul vəsaitlərini cəlb edib, lazım olan istiqamətlər üzrə dövriyyəyə buraxmaq və hər iki fəaliyyət nəticəsində arada əldə olunan gəlirdən mənfəət götürməkdir. İstənilən bank fəaliyyətinin əsas məğzi bundan ibarətdir. Sərbəst vəsaitlərin isə banklara cəlb olunması üçün müvafiq stumullaşdırıcı amillərin olması mühüm şərtdir. 

Sərbəst vəsaitlər banklara elə bir mexanizm çərçivəsində yerləşdirilməlidir ki, həmin vəsaitlərə sahib olan tərəflərin bundan qazanc əldə etməsinə imkan yaratsın. Odur ki, bazar iqtisadiyyatı şəraitində hər bir bank çalışır ki, sərbəst vəsaitləri daha üstün təkliflərlə cəlb etsin və bu yolla da kredit təkliflərini həyata keçirmək üçün lazımi səviyyədə maliyyə resurslarına sahib olsun. Bu, olduqca mühüm məsələdir. Çünki bazar iqtisadiyyatı şəraitində rəqabət ən mühüm amillərdən biridir. Hansı ölkənin bank sektorunda rəqabət amilləri yoxdursa, banklar arasında daha çox gəlir əldə etmək, daha çox maliyyə resurslarına sahib olmaq və əlverişli şərtlərlə depozit cəlbinə nail olmaq siyasəti yürüdülmürsə, deməli o ölkədəki bank sektoru sağlam vəziyyətdə deyil. Bunlar iqtisadiyyatın inkişafı üçün ən vacib elementlərdən biri sayılır. Bank sektoru sağlam olmayan ölkədə isə normal iqtisadi inkişafdan söhbət gedə bilməz.

Report
Report

Ona görə də əmanətlərin sığortalanması ilə bağlı yürüdülən hər hansı bir siyasət bilavasitə bankların özləri üçün əhəmiyyətlidir və həmin bankların əlverişli maliyyə resurslarına malik olması üçün mühüm şərtdir. Bu addım bankların hamısının xeyrinədir. Dörd bank sistemdən silindikdən sonra 26 bank fəaliyyət göstərməkdədir. Bunların hamısı Əmanətlərin Sığortalanması Fondunun üzvüdür. Buna uyğun olaraq da həmin fonda üzvlük haqqı ödəyirlər. Əmanətlərin sığortalanması faizinin manat üzrə 2% qaldırılması həm də real şəraitdə həm dörd bankın lisenziyasının geri alınması və yaranmış ümumi iqtisadi çətinliklər fonunda sərbəst maliyyə resurslarının bundan sonra da banklara cəlbi baxımından bütün banklar üçün əhəmiyyətli bir hadisədir. Ona görə də milli valyutada olan əmanətlərin sığortalanması faizinin 12%-dək artırılmasını yüksək qiymətləndirmək lazımdır”.

                         Banklar əmanət cəlbini stimullaşdırmalıdır

“Əhalinin bank əmanətlərinə marağının artırılması təkcə dövlətin vəzifəsi deyil. Dövlət və hökumət tərəfindən əmanətlərin sığortalanması faizinin artırılması ilə hökumət tərəfindən bir növ banklara əhalinin inamının çoxalması üçün addım atılmış oldu. Dövlət bununla, artıq 10%-lə deyil, 12%-lə yerləşdirilən əmanətlərə cavabdehlik daşıdığını nümayiş etdirdi. Lakin banklara əmanət cəlb edilməsinin daha əlverişli xarakter kəsb etməsi üçün bankların özünün də addımlar atması lazımdır. Banklar özləri də çalışmalıdır ki, əhalinin, eyni zamanda sahibkarlıq sturkturlarının öz vəsaitlərini yerləşdirməkdə maraqları olsun. Bunun üçün müxtəlif stimullaşdırıcı vasitələrdən istifadə edilməlidir. Banklar arasında bu sahədə rəqabət müşahidə olunmalıdır. 

Hər bir bank çalışmalıdır ki, vətəndaşı məhz özünə cəlb eləsin. Bununla da vətəndaşın əmanət yerləşdirməsində daha çox özünün üstün mövqeyə sahib olmasına nail olmalıdır. Təəssüf ki, bizdə bankların real vəziyyəti ilə əlaqədar olaraq bu amil müşahidə olunmur. Dövlət bank əmanətlərinin bundan da yüksək faizlə sığortalanmasını öhdəsinə götürə bilər. Amma nəzərə almalıyıq ki, bankların fəaliyyəti tələb olunan şərtlərə cavab vermədikcə əmanət faizlərinin artırılması ilə dövlət özünü böyük bir risk altında qoyur. 2015-ci ildə iki dəfə devalvasiya olduqdan sonra 11-dən çox bank fəaliyyətini dayandırmalı oldu. Çünki onlar əvvəlcədən "xəstə" vəziyyətdə idilər. Onlara yerləşdirilən əmanətlərin qaytarılması isə dövlətin üzərinə düşdü”.


                               Yeni qərar kreditləşməyə də təsir edə bilər

“Əmanət faizlərinin artırılmasının kredit faizlərinə və ümumi kreditləşmə səviyyəsinə də təsiri vardır. Bankların maliyyə resursları əsasən üç mənbə hesabına formalaşır. Bunun birincisi əhalidən cəlb olunan əmanətlər, ikincisi Mərkəzi Bankdan alınan kredit resursları, üçüncüsü də xarici maliyyə qurumlarından alınan borc vəsaitləridir. Bu üç mənbə içində ən çox maliyyə resurslarını formalaşdıran əhalidən cəlb olunan əmanət və depozitlərdir. Həmin əmanətlər üzrə hansı faiz çərçivəsində dividend verilirsə, bankın həmin əmanətlərdən istifadə edərək təklif etdiyi kredit faizlərinin də səviyyəsi buna uyğun formalaşır. Bu mexanizmdə qarşılıqlı əlaqə çox sıx xarakter daşıyır. Ona görə də əmanət faizlərinin yüksək olması əslində banklar üçün çox da sərfəli deyil. Banklar götürdükləri əmanətlər üzrə daha az səviyyədə dividend verməkdə maraqlıdırlar ki, kredit faizlərini də aşağı səviyyədə təklif etsinlər və aradakı fərqdən daha çox mənfəət götürsünlər. Amma burda digər bir amil də var ki, banklar əmanətlər üzrə nə qədər az divindend verərlərsə, əmanət cəlb edilməsi məsələsi də bir o qədər çətinləşəcək. Ona görə də qarşılıqlı əlaqə nəzərə alınmaqla bu sahədə çox həssas siyasət yeridilməlidir ki, həm vətəndaşlar banklara əmanət qoymaqda maraqlı osunlar, həm də kredit resurslarına ehtiyacı olan tərəflər banklardan daha əlverişli şərtlərlə borc vəsaitləri əldə edə bilsinlər. Bunları balanslaşdırmaq olduqca vacibdir.

Manat üzrə əmanət faizlərinin sığortalanan hissəsinin iki faiz qaldırılmasının ümumi kreditləşmə səviyyəsinə necə təsir edəcəyini demək çətindir. Normal halda baş verə biləcək təsirdən söhbət gedərsə, bu təsir ondan ibarət ola bilər ki, əhali banklara manatla depozit qoyuluşunu artırsınlar, banklar daha çox maliyyə vəsaitlərinə malik olsunlar və faizi artırmamaq şərtilə kredit təkliflərini genişləndirsinlər. Qeyri-normal halda isə əmanət faizinin artırılması banklara kredit faizlərini də artırmağa bəhanə verə bilər. Bunun hansının baş verəcəyini indidən proqnoz vermək çətindir. Əvvəla, manatla olan əmanətlərin sığortalanma faizi üçün 2% artırılma elə də böyük rəqəm deyil. İkincisi bizdəki kredit faizləri kifayət qədər yüksəkdir. Ona görə də prinsip etibarilə Əmanətlərin Sığortalanması Fondunun bu addımı ölkədə kredit faizlərinə faizlərin artması baxımından təsir etməməlidir. Əgər təsir edərsə, bu, bilavasitə bank sisteminin qeyri-sağlam vəziyyətindən irəli gələn hadisə olacaq”.


                                      Real sektorda ciddi təsir gözlənilmir

“Milli valyutada olan qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddinin 10%-dən 12%-ə qaldırılması ölkə iqtisadiyyatı üçün əhəmiyyəti bu ola bilər ki, real sektor bank sistemi tərəfindən maliyyələşdirilsin. Bu, bizdə ciddi problem olaraq qalır. Banklar ən çox istehlak kreditlərinə meyl edirlər. Manat üzrə əmanətlərin sığortalan hissəsinin faiz dərəcəsinin 2% artırılmasının buna nə dərəcədə təsir edəcəyini söyləmək çətindir. Yəqin ki, biz bu təsiri hiss etməyəcəyik. Çünki bizdə bankların maliyyə resursları cəhətdən vəziyyəti real sektoru maliyyələşdirməyə o qədər də imkan yaratmır. Manat üzrə əmanətlərin sığortalan hissəsinin faiz dərəcəsinin 2% artırılması ilə bu sahədə dönüş əldə ediləcəyini gözləmirəm. Hər halda manatla depozit cəlbinə bu iki faiz həddində dəyişikliyin müsbət təsiri olarsa, bu, banklar tərəfindən ölkə iqtisadiyyatının maliyyələşdirilməsi səviyyəsinə də cüzi də olsa təsir edə bilər”.

                                          Dollarlaşma barədə narahat olmağa dəyməz

“Banklarda dollarlaşma səviyyəsi 2015-ci ildəki devalvasiyalardan sonra müşahidə olunduğu kimi deyil. Son illərdə bank sistemində dollarlaşma prosesi əvvəlkinə nisbətən xeyli zəifləyib. Buna həm manata olan inamın bərpası, həm valyuta bazarında bir neçə ildir hökm sürən sabitlik, həm də dollar əımanətləri üzrə sığortalanma faizinin keçən ilə qədər 3%, keçən ildən isə 2,5% təşkil etməsi kimi amillər təsir göstərib. 

Dövlət sığorta hadisəsi baş verərkən manatla yerləşdirilən əmanətlərin 12%-nə zəmanət verdiyini bəyan etdiyi halda, dollarla əmanətlərə görə bu rəqəm cəmi 2,5% təşkil edir. Bu da banklara dollarla əmanət yerləşdirilməsinə marağı azaldır. Hazırda banklarda dollarlaşma prosesi yüksək səviyyədə deyil. Üstəlik manat üzrə qoyulan əmanətlərin daha 2% artıq həcmdə sığortalanması qərarı dollarlaşma tendensiyasına əlavə bir zərbə vuracaq. 

Hazırda banklarda dollar resursları əvvəlkinə baxanda elə də çox deyil. Banklar dollarla faktiki olaraq kreditlər də təklif etmirlər. Kredit resurslarına ehtiyacı olanlar da xarici valyuta ilə borc götürmürlər. Ona görə də dollarlaşma ilə bağlı narahat olmağa heç bir əsas yoxdur”. 

Son xəbərlər

Orphus sistemi